Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun APA-ya müsahibəsi

 

- Bu ilin noyabrında Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyi tamam oldu. Ötən dövrə nəzər salsaq, iki ölkə arasında münasibətlərin inkişafını necə qiymətləndirərdiniz?

 

- Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə bağlıdır. Hər iki xalq tarixən biri-biri ilə yaxın və mehriban qonşuluq şəraitində yaşayıb. 1991-ci ildə Sovet İttifaqı iflasa uğradıqdan sonra hər iki dövlət yenidən müstəqillik əldə etmək imkanı qazandı. Doğrudur, müstəqilliyin ilk illərində münasibətlərin qurulması çətin keçdi, hər iki ölkədə mövcud olan hərc-mərclik və o vaxtkı siyasi iqtidarın səriştəsizliyi buna imkan vermədi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə qədəm qoydu. Ulu öndər qonşu dövlətlərlə, o cümlədən Gürcüstan ilə münasibətlərə  xüsusi önəm verdi. Həm siyasi, iqtisadi, enerji, mədəni, həm də digər sahələrdə münasibətlər inkişaf etməyə başladı. Bu inkişaf indi də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdırdı. İkitərəfli səfərlər, imzalanan bir  sıra sazişlər və icra olunan regional layihələr, dövlətlərin bir-birinə qarşılıqlı dəstəyi bunun bariz sübutudur. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu dövrdə münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Gürcüstan  strateji müttəfiqlərdir və hər iki tərəf bu münasibətləri yüksək qiymətləndirir.

 

- 2017-ci il Azərbaycan-Gürcüstan münasibətləri üçün hansı hadisələrlə əlamətdar oldu?

 

- Hər iki tərəf arasında inkişaf edən münasibətlər 2017-ci ildə də yüksələn xətlə davam edib. Sözsüz ki, ilin ən mühüm hadisəsi artıq çoxdan gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsidir. Bu ilin 30 oktyabr tarixində dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Bu layihə region dövlətlərini həm siyasi, həm də iqtisadi cəhətdən möhkəm bağlayacaq və münasibətlərə yeni təkan verəcək. Layihə nəinki regionda, eləcə də Şərq və Qərb arasında bir körpü rolunu oynayacaq, Şərqdən Avropaya gedən yüklərin daşınmasına müsbət təsir göstərəcək. Hesablamalara görə, ilkin mərhələdə bu dəmir yolu ilə 1 milyon sərnişin və 6-7 milyon ton yükün daşınacağı nəzərdə tutulub. Gözlənilir ki, sonrakı illərdə yükdaşımaların sayında artım olacaq. Enerji sahəsində də, həmişəki kimi, bu il də “SOCAR Georgia” şirkəti Gürcüstanın qaz təchizatında əsas pay sahibi olub. Ümumiyyətlə, Gürcüstanın qazla təmin olunmasında Azərbaycanın müstəsna xidməti danılmazdır və hesab edirəm ki, yaxın dövrlərdə də belə davam edəcək.

 

Bu il Azərbaycan və Gürcüstan arasında iqtisadi, elmi, mədəni və digər sahələrdə tədbirlər keçirilib. Belə ki, Azərbaycanın ictimai-siyasi xadimi, yazıçı Nəriman Nərimanovun doğulduğu Tiflis şəhərində xatirə muzeyinin açılması, bir sıra rəssamlarımızın sərgilərinin təşkil olunması, Azərbaycanın tarixi və ədəbiyyatına dair bir sıra nəşrlərin təqdimatlarının keçirilməsi və s. tədbirlər ikitərəfli əlaqələrə təsirsiz ötüşməyib. Xüsusilə mədəni tədbirlər içərisində bu ilin 9 dekabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Tiflis şəhərində “Canlı həyat” sərgisinin keçirilməsini göstərmək olar ki, bu hadisə Gürcüstanın sənət elitasının, şəhər sakinlərinin böyük maraq və diqqətinə səbəb olub, Leyla xanım Əliyeva və başqa gənc rəssamların əsərləri sərgiyə toplaşan insanlarda böyük təəssürat oyadıb.

 

-  Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın mövcud potensialı tam reallaşdırılıbmı? Hansı istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var?

 

- Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın potensialı tam reallaşdırılmayıb. Ancaq eyni zamanda, onu da əlavə etmək lazımdır ki, hər iki dövlətin rəhbərliyinin sərgilədiyi siyasi iradə və əməli addımlar nəticəsində bu  əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələr içərisində Azərbaycan birinci yeri tutur. Gürcüstan və Azərbaycan ərazisində hər iki dövlətin çox sayda şirkətləri fəaliyyət göstərir. Məlumat üçün bildirim ki,  bu günə qədər iki ölkə arasında 100-dən çox sənəd imzalanıb və həmin sənədlərin 50-si iqtisadi sahəni əhatə edir, 250-dən artıq gürcü şirkəti Azərbaycanda, 1200-dən artıq Azərbaycan şirkəti Gürcüstanda qeydiyyatdan keçib. Düşünürəm ki, qarşılıqlı biznesin inkişafı üçün Azərbaycan və Gürcüstan şirkətlərinin birgə fəaliyyəti və əməkdaşlığı faydalı olardı. Ona görə də bu istiqamətdə birgə tədbirlərin, forumların keçirilməsinin böyük əhəmiyyəti var. Bu ildən etibarən Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Energy Georgia” şirkətinin təsis olunması və bu ölkə ərazisində mütəmadi olaraq “CEO lunch”ların keçirilməsi də bu qəbildən baş tutan tədbirlərdəndir. Cari ilin 29 sentyabr tarixində keçirilmiş ilk “CEO lunch”da Gürcüstanın baş naziri cənab Giorgi Kvirikaşvili və digər dövlət rəsmilərinin iştirakı tədbirə xüsusi önəm verib. Həmçinin tədbirdə iştirak etmiş Azərbaycan və gürcü iş adamlarının ünsiyyət qurması və birgə müzakirələr aparması faydalı olub. Nəzərə almalıyıq ki, Gürcüstan hökuməti ölkə ərazisində xarici investorların çalışması və iş qurması üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, bu istiqamətdə iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrində təcrübə mübadiləsinin aparılması vacibdir. Xüsusilə son illər Gürcüstana gələn xarici turistlərin sayı artmaqdadır. Statistik məlumata əsasən bu il Gürcüstana gələn turistlərin sayı 7 milyona yaxınlaşır. Gürcüstana səfər edən turistlər eyni zamanda, Azərbaycana da səfər edir və bununla onlar regionla daha yaxından tanış olmaq imkanı qazanırlar. Düşünürəm ki, hər iki ölkə arasında birgə turizm layihələrinin həyata keçirilməsi də sözügedən sahə ilə məşğul olan Azərbaycan və gürcü şirkətlərinin maraq dairəsində olmalıdır.  

 

- Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ləng irəliləyir. Mübahisəli ərazilərlə bağlı razılıq əldə olunması üçün hansı işlər aparılır? Yaxın vaxtlarda komissiyasının iclasının keçirilməsi gözlənilirmi?

 

- Qeyd etməliyəm ki, bu sahədə danışıqlar davam etdirilir. Bu, asan olmayan uzun prosesdir. Hələ ki yekun razılaşma əldə olunmayıb və mövcud komissiya danışıqları davam etdirir. Gələn ilin əvvəllərində Gürcüstanla danışıqların növbəti mərhələsinin keçirilməsi gözlənilir.

 

- Gürcüstanda Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğatı istiqamətində səfirlik tərəfindən hansı işlər görülür və gələcək illərdə bu istiqamətdə hansı planlar var?

 

- Əlbəttə ki, bu, səfirliyin fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı, bayaq qeyd etdiyim kimi, səfirliyin il ərzində keçirdiyi tədbirləri, kitab nəşrlərini nümunə gətirmək olar. Eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımızın, gənclərin və Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də bu istiqamətdə fəaliyyəti mühüm rol oynayır, çünki onlar da belə desək, mənəvi vətənləri olan Azərbaycanın qeyri-rəsmi elçiləridir və hər biri oxuduqları təhsil müəssisəsi və yaxud çalışdıqları təşkilat daxilində Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti haqqında məlumatlar verməli və ölkəmizin milli-mədəni dəyərlərini tanıtmalıdır. Bu ilin noyabr ayında səfirliyin təşəbbüsü ilə səfirlikdə Gürcüstanda yaşayan, işləyən və təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdik. Həmin görüşdə Azərbaycan hökumətinin gənclər siyasətinə verdiyi önəm və bu istiqamətdə qəbul etdiyi qərarlar barədə məlumatlar verdik, eyni zamanda, gənclərin qarşılaşdığı çətinliklər və onların problemləri, qayğıları barədə faydalı müzakirələr apardıq. Həmin görüşdə mən bir daha gənclərə onları narahat edən məsələlər barədə hər zaman səfirliyə üz tuta biləcəklərini bildirərək, öz problemlərini bizimlə bölüşməyi tövsiyə etdim. Səfirlik hər zaman onları dinləməyə açıqdır. Sözsüz ki, səfirliyin ölkəmizin təbliği istiqamətində planları çoxdur və növbəti ildə də biz onları həyata keçirəcəyik. Bizi narahat edən əsas məsələ Tiflis şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının binasının acınacaqlı durumudur. Bu istiqamətdə 2018-ci ildə öz səylərimizi artıracağıq.

 

- Son illər Gürcüstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəaliyyətinə necə qiymət verərdiniz? Hazırda soydaşlarımızı narahat edən əsas problemlər hansılardır və onların həlli ilə bağlı səfirlik səlahiyyətləri çərçivəsində hansı işləri görə bilir?

 

- Soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında fəaliyyətini səfirlik yaxından izləyir. Zənnimcə, soydaşlarımızın diqqət göstərəcəyi əsas məqam təhsil olmalıdır. Həmçinin soydaşlarımız Gürcüstan cəmiyyətinə inteqrasiya və onun bir hissəsi olmaqdan ötrü dövlət dili olan gürcü dilini mükəmməl bilməlidirlər. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri olaraq mən azərbaycanlı gənclərlə, regionlarda yaşayan sakinlərlə görüşlərim zamanı bu məsələni dəfələrlə vurğulamışam. Qeyd etmək istərdim ki, işsizlik, xüsusən də gənclərin işlə təmin olunması problemi çox aktual xarakter daşıyır. Bununla bağlı Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan şirkətlərinin soydaşlarımızın kompakt yaşadığı bölgələrdə iş qurmaları məsələyə qismən də olsa, öz faydasını verə bilərdi. Gürcüstanda yaşayan soydaşlarımızın bir araya toplanması və təşkilatlanması baxımından azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan icmaları fəaliyyətlərini artırmalıdır. Belə ki, Gürcüstanda olan Azərbaycan icmalarının mərkəzləşmiş şəkildə fəaliyyət göstərməsi çox vacibdir.

 

Səfirlik il ərzində keçirdiyi ölkəmizin əlamətdar günlərində və anım tədbirlərində Azərbaycan icmasının nümayəndələrini, soydaşları dəvət edir, onların bir arada toplaşmasına şərait yaradır. Məsələn, bu yaxınlarda səfirliyin və SOCAR-ın təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı idmançıların beynəlxalq arenada qazandığı nailiyyətlərlə bağlı tədbir keçirildi. Həmin tədbirdə azərbaycanlı idmançıları və onların məşqçilərini bir araya toplayıb təbrik etdik, fərqlənən idmançılara tərifnamələr və hədiyyələr təqdim etdik. Hesab edirəm ki, bu cür tədbirlərin təşkili soydaşlarımıza həm mənəvi dəstəkdir, həm də əlavə stimul verir. 

 

- Qeyd etdiyiniz kimi, bu il Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub. Amma Cəlil Məmmədquluzadənin ev muzeyi illərdir ki, baxımsız və qəzalı vəziyyətdədir. Bu ilin aprel ayında səfirlik tərəfindən muzeyə baxış keçirilib. Muzeyin bərpası istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?

 

- Tiflis bir sıra Azərbaycan ədəbiyyat xadimləri və görkəmli ziyalılarımızın yaşadığı və fəaliyyət göstərdiyi şəhərdir. Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun muzeyləri Azərbaycanın bir mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Ədəbiyyatımızın görkəmli nümayəndəsi Mirzə Cəlil Məmmədquluzadənin də ev muzeyinin bərpası səfirliyin diqqət mərkəzindədir. Bununla bağlı maliyyə problemləri olsa da, ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq və bərpa-təmir işlərindən sonra Mirzə Cəlilin ev muzeyi də digər muzeylərimiz kimi öz qapısını ziyarətçilərin üzünə açacaq.

 

- Bildiyiniz kimi, gələn il Azərbaycan və Gürcüstanda ilk müstəqil respublikaların yaranmasının 100 illiyi tamam olacaq. Azərbaycan Demokratik Respublikasının elan olunduğu Tbilisidə yubileyə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulubmu?

 

- Bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı müvafiq sərəncam verib. Sərəncama əsasən xarici ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tədbirlər keçiriləcək. Bununla bağlı müvafiq Tədbirlər Planının işlənib hazırlanması tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən Tədbirlər Planı tərtib olunub və Plana uyğun olaraq 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı yalnız İstiqlal Bəyannaməsinin qəbul olunduğu Tiflis şəhərində deyil, həmçinin ölkənin digər bölgələrində geniş, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

- Dekabrın 21-də Gürcüstana səfir təyinatınızın bir ili tamam oldu. Sizin rəhbərliyiniz altında səfirliyin 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- İlk növbədə qeyd edim ki, Gürcüstan kimi əhəmiyyətli bir ölkəyə səfir təyinatım cənab prezident tərəfindən göstərilən yüksək etimaddır və bu etimadı doğrultmaq  və mənə həvalə olunmuş bu şərəfli və olduqca məsuliyyətli missiyanı ləyaqətlə yerinə yetirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri kimi fəaliyyət göstərdiyim bir il ərzində iki dövlət arasında əlaqələr intensiv olub. Belə ki, dövlət rəsmilərinin yüksək səviyyəli qarşılıqlı səfərləri, keçirilmiş beynəlxalq tədbirlərdə nümayəndə heyətlərinin iştirakı, imzalanmış sazişlər, tərəflər arasında faydalı fikir mübadiləsinin aparılması və s. məsələlərdə aktivlik müşahidə edilib. Münasibətlərin bugünkü durumu əlaqələrin yüksək olmasından xəbər verir və inanıram ki, növbəti il – 2018-ci ildə də bu əlaqələrin inkişaf dinamikası davam edəcək. İşin qiymətləndirilməsinə gələndə, bunu biz yox, ilk növbədə ölkə rəhbərliyi və Xarici İşlər Nazirliyi verəcək. Lakin şəxsən hesab edirəm ki, qarşıda görüləsi çox işlər var və bunun üçün gücümüzü səfərbər etməli, hədəflədiyimiz məqsədlər naminə səylərimizi əsirgəməməli, nailiyyətlər əldə etmək üçün ardıcıl və sistemli şəkildə fəaliyyət göstərməliyik. 

 

Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də yeni təqvim ili münasibətilə soydaşlarımızı təbrik edir, onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, işlərində uğurlar və firavan həyat arzu edirəm.

Baxış sayı: 103