Bildiyiniz kimi hardasa 2007-ci ilə qədər Marneulidə təxmini 30 000 kitabdan ibarət kitabxanamız var idi. 30 000 kitab deyirəm eee... Orda nələr yox idi ki: Dünya ədəbiyyatının özəyini təşkil edən klassiklər; Huqolar, Tolstoylar, Voltairelər, Şekspirlər ... 19-20-ci əsir maarifçilərimiz: Axundovlar, Mirzə Cəlillər, Sabirlər, həmçinin öz həmyerlimiz olan, hətta heykəlinin qarşısında konsertlər keçirdiyimiz, prezidentlərlə əl sıxdığımız Nərimanovlar, Abdulla Şaiqlər və sairlər və ilaxirlər, tarix, fəlsəfə, elm və daha nələr-nələr.
 
Eeeeee noldu bunlar? Nolacaq?!
 
Hər kəsin xəbəri olsada susursunuz, mən deyim daaaaa...
 
30 000 kitabın Fatihəsini oxuyub təlqinsiz-zadsız etdilər qəbiristanlıqlıq, tozunu silməyə kəfəni də yoxdur. Yerində isə tiktilər söyüd kimi bir ağac, boyu var meyvəsi yox. 
Nəysə, başınızı çox ağırtmıyım, onsuz da yeni kitabxanamızın içini görəndə adamın başı ağıryır. Adamın Allahı var üzdən Analoqu olmayandır.
 
Bu kitabxana nəyə yarasa yaxşıdır?!
 
Kitabdan, maarifçiliydən başqa hər şeyə: Məmurların çıxışına, yaltaqların “girişinə”.
Çıxıb girənləri anladıq, indi isə keçid alaq anlamadığımız cəmiyyətə. O cəmiyyətə ki, N. Nərimanovun heykəlinin qarşısında başı boş, içi boş müğənlilərin konsertində əl çalır, amma əlini uzadıb 30 000 kitabı toz torpağın içindən xilas etmir. Sonra da deyirik cəmiyyətimiz niyə inkişaf etmir? Niyə beləyik, niyə eləyik? Ehhhhhhhhhhhhhhhhh... Adama deyən lazımdır, ay cəmiyyət kitabsız sən necə “sazlı sözlüsən”?! Deyirlər Borçalı sazlı sözlüdür axı.
 
Gəlin görək, bu məsələdən kimlər və hansı qurumlar məsuliyyət daşıyır.
 
1. Məktəblər – hansılar ki, siyasətin piar obyektindən başqa bir şey deyil.
2. Direktorlar və müəllimlər – hansılar ki, səsləri yalnız seçki qutusundan çıxır.
3. Gənc və yaşlı şairlər, yazarlar, filosoflar – hansılar ki, maarifçilikdən danışıb, kütləyə fəlsəfə xırdalayıb amma bu qaranlığı hələ də aydınlada bilmirlər. Gözlərinin qarşısındaki problemi qoyub, almadan armuddan roman yazırlar.
4. QHT-lər – hansılar ki, 20 ildir erkən evlilik və qender bərabərliyi mövzusunda ilişib qalıblar. Bir halda ki, bu problemin həlli elə kitabsızlığın özüdür.
5. Dini qurumlar – hansılar ki, Müqəddəs Qurani-Kərimimizin “OXU!...” ayəsini təbliğ edib, oxunmaqdan məhrum 30 000 kitabımızın Fatihəsini oxuyurlar. Dinimiz bizə Kitab Əhlindən soruşun buyurur. Hansılardan soruşaq? Çoxu haqqın yox, gücün yanında olanlardanmı?
6. Maarifçi Liberallar – hansılar ki, xaricdən gəlib həqiqəti o zaman müdafiə edirlər, o zaman ki, haqqın həqiqətin müdafiəyə ehtiyacı yoxdur. Ölkədən necə gedirlərsə bir neçə il sonra eyni kafayla qayıdırlar. Öz natamam eqolarını yemləmək üçün hər kəsə cahil gözündə baxırlar, amma cəhalətin əsil səbəbi kitabsızlığa göz yumurlar.
 
XİLAS
 
Deyəsən çox uzatdım. Yazımın canı budur ki, boş boş danışmaqdansa vəhdət olaq, amma bu dəfə təkcə sözdə yox, həm də əməldə və o 30 000 kitabı divarları bəzəkli olan kitabxanamıza qaytarıb, divarlarını kitablarla bəzəyək. Yalnız bu zaman bizim, xalqdan, haqqdan, hüquqdan, maarifçilikdən, ədəbiyyatdan, fəlsəfədən, elmdən danışmağa mənəvi haqqımız çatacaq.
 
Elə bu zaman, yanında durub şəkil çəktirdiyimiz Nərimanovun heykəli yolun o tərəfindən baxıb bizə xoş təbəssümlə gülümsəyəcək.
 
Elvir Hasanoğlu
Baxış sayı: 77