Rustavidə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bayram tədbiri keçirilib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, tədbiri Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və “Salam” Mədəni Xeyriyyə Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə professor Mahmud Kamaloğlu, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, “Salam” Mədəni Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova, parlamentin keçmiş deputatı Hidayət Hüseynli, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri İsahaq Novruzov, şuranın sədr müavini Mayak Nemətov, Rustavidə yaşayan ziyalı Nino Qeqelia, 2 nömrəli Sadaxlı ictimai məktəbinin direktoru Adil Şərifov, AZEBİ İş Adamları İttifaqının sədri Qaratel Allahverdiyevə, gənc fəal Nərgiz Əliyeva və başqaları çıxış edərək bütün dünya azərbaycanlılarını, həmçinin ölkəmizin müxtəlif bölgələrində yaşayan azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edərək onlara uğurlar və üzümüzə gələn Yeni ildə böyük naliyyətlər əldə etməyi və bütün dünyaya sülh, əmin-amanlıq arzulayıblar.
 
Tədbirdə iştirakçılarının gözləmədiyi halda məclisə daxil olan Azərbaycanın Xalq Artisti, prezident təqaüdçüsü Arif Quliyev tədbir keçirilən salona xüsusi sevinc bəxş edib. Onun gəlişinə sevinən tədbir iştirakçıları xalq artistini alqışlarla qarşılayıblar. A. Quliyev tədbirə Qarabağ Klubunun müşahidə şurasının üzvü Müşfiq Məmmədovla birgə gəldiyini bildirib. Sonra o, çıxış edərək hamını Həmrəylik Günü bayramı münasibətilə təbrik edib və bu mənalı gündə azərbaycanlıların kompakt yaşadığı Rustavi şəhərində keçirilən bayram tədbirində iştirak etdiyi üçün özünü hədsiz dərəcədə xoşbəxt hesab etdiyini vurğulayıb. Sonra o, parodiyalar nümayiş etdirib və Azərbaycan bəstəkarlarının bəstələdiyi mahnıları ifa edib.
 
Bayram tədbirində Borçalının ustad aşıqlarından Aşıq Ziyəddin, Aşıq Kamandar Başkeçidli, müğənni Məqsəd Qaballı, gənc aşıqlardan Məsim Rəcəbov və Aşıq Orxan aşıq havalarını ifa ediblər. Parlamentin keçmiş deputatı Hidayət Hüseynli ulu öndər Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısını ifa edib və alqışlara layiq görülüb. Tədbirdə “Ceyran” folklor ansamblının üzvləri, həmçinin tədbirin aparıcısı Rəqsanə Qaybalıyeva Azərbaycan və gürcü rəqslərini nümayiş etdiriblər.
 
Tədbirdə Moskvadan, Bakıdan, Tiflisdən, Rustavidən,Qardabanidən, Marneulidən, Dmanisidən, Bolnisidən, Qabal kəndindən gələn ziyalılar, iş adamları, Rustavi şəhərindəki 18 nömrəli məktəbin pedaqoji kollektivi və digər bölgələrdən gələn azərbaycanlılar iştirak ediblər.
Baxış sayı: 62