Tbilisi meri Kaxa Kaladze yaxın gələcəkdə şəhərin küçələrinin adlarını bildirən köhnə lövhələrin vahid standart əsasda hazırlanacaq yeniləri ilə əvəz olunacağını açııqlayıb.

 

O bildirib ki, yeni dizaynlı lövhələrin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb. Gürcüstan paytaxtında görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin olmasını nəzərə alsaq, bu açıqlamanı Azərbaycan cəmiyyəti üçün də xoş xəbər hesab etmək olar.    

 

Lakin APA-nın Gürcüstan müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, həmin küçələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarını real deyil, yalnız Tbilisinin xəritəsində “daşıyır”.

 

Tbilisinin Abanotubani adlanan köhnə hissəsinin 4 küçəsinə 20 ildən artıqdır ki, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İbrahim İsfahanlı və Nizami Gəncəvinin adları verilib. İlk üç görkəmli azərbaycanlının həyatı və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub.

 

M. Ş. Vazeh küçəsində son 8 il ərzində böyük söküntü işləri aparılıb, küçənin adını bildirən lövhələr də köhnə evlər kimi tarixə qovuşub.

 

 
 

 

Bu yaxınlarda Tbilisi meriyası İsrail şirkətinə bu küçədə hotel tikintisinə icazə verib. Hotelin tikintisindən sonra M. Ş. Vazeh küçəsi yeni görkəm alacaq və ümid edək ki, küçənin adını bildirən lövhələr də vurulacaq.

 

 
 
 

 

M. F. Axundovun adını daşıyan kiçik küçədə lövhələr olsa da, 20 ildən artıq müddətdə köhnələrək pas atıb, üzərindəki yazını oxumaq çətinləşib.

 

Ən təəccüblü vəziyyət isə İ. İsfahanlı küçəsi ilə bağlıdır. Azərbaycanın görkəmli aktyor və rejissoru, Gürcüstanın xalq artisti İ. İsfahanlı bizə “Böyük dayaq” filmində Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır. 

 

 
 
 

 

O, Tbilisidə anadan olub və Gürcüstanda Azərbaycan teatrının yaradılmasında müstəsna rol oynayıb. 1997-ci ildə Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə İ. İsfahanlının 100 illiyi münasibətilə Tbilisi şəhərində Vaxtanq Qorqosali küçəsinin dördüncü döngəsinə aktyorun adı verilib. Küçənin yeni adını bildirən lövhələrin hazırlanması Tbilisi meriyasına həvalə olunsa da, artıq 20 ildir, həmin küçə həqiqi adını daşımır. Bu gün küçədə əvvəlki adı - Vaxtanq Qorqosalinin adını əks etdirən köhnə və nisbətən yeni lövhələr görmək olar.  

 

Tbilisidə Nizami Gəncəvinin adını daşıyan kiçik küçə olsa da, bunu bildirən lövhələr yoxdur. Bu küçənin harada yerləşdiyini yalnız Tbilisinin xəritəsindən öyrənmək olur. Sakinlərlə söhbət zamanı məlum olur ki, onlar buranı Nizami küçəsi adlandırırlar. Onların sözlərinə görə, küçənin adını bildirən lövhələr sovet dövründə olub, lakin illər sonra sıradan çıxıb.

 

 
 
 

 

Araşdırma zamanı Abanotubani rayonunda yerləşən bir küçə də diqqəti çəkib.

 

 
 
 

 

Bu, Mir Vəzirov küçəsidir. Məlum olur ki, bu şəxsin tam adı Mirhəsən Vəzirovdur. O, Şuşada anadan olmuş "26 Bakı komissarı"ndan biridir. Azərbaycan paytaxtında “26 Bakı komissarı”na aid abidə və adlar çoxdan götürülüb, lakin onlardan biri hələ də Tbilisidə “yaşayır”.

 

Əhməd Cavadın adını daşıyan küçə isə Tbilisinin İsani rayonunda yerləşir. Küçəyə Azərbaycanın görkəmli şairinin adı 2011-ci ildə verilib. Həmin il şəhərin bəzi adsız küçələri Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməçilərinin adları ilə adlandırılıb. Ə. Cavad 1930-cu ildə gürcü ədəbiyyatının klassikinin məşhur əsərini orijinaldan azərbaycancaya çevirib.

 

 

 

Bu küçənin adını bildirən lövhələr nisbətən yeni olsa da, Ə.Cavadın ingilis dilində yazılmış soyadında səhvə yol verilib. Fotodan da göründüyü kimi, şairin ingiliscə soyadı “Djavadan” kimi qeyd olunub. Gürcü dilində isə şairin ad və soyadı düzgün yazılıb.

 

Bu yazıda bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycanın məşhur mahnı ifaçısı, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudov Tbilisidə anadan olub. Tbilisililər Rəşid Behbudovun həmyerli olması ilə fəxr etdiklərini tez-tez dilə gətirirlər. Gürcüstan paytaxtında əslən tbilisili olan təkrarsız ifaçı R. Behdudovun xatirəsi isə bu günə qədər əbədiləşdirilməyib. Məsələn, elə “26 Bakı komissarı”ndan biri olan M. Vəzirovun adını daşıyan küçəyə R. Behbudovun adının verilməsi gürcü və Azərbaycan xalqlarını tərənnüm edən dahi sənətkarın əziz xatirəsinə böyük hörmət və ehtiram nümunəsi olardı. Bu məsələ ilə bağlı Gürcüstanın azərbaycanlı icması və Tbilisinin tanınmış azərbaycanlı ziyalıları da təşəbbüs göstərə bilərlər.

 

Göründüyü kimi, Tbilisinin Azərbaycanın böyük və tanınmış şəxsiyyətlərinin adlarını daşıyan küçələrində vəziyyət heç də ürəkaçan deyil. Ümid edək ki, paytaxtın inkişaf strategiyasına əsasən küçə adlarını bildirən yeni lövhələrin hazırlanması və vurulması zamanı tanınmış azərbaycanlıların adlarını daşıyan küçələr də diqqətdən kənarda qalmayacaq. 

 
 
Baxış sayı: 982