“Gürcüstan Ermənistan üçün əlavə tranzit dəhlizi açmaq məsələsində Azərbaycanın maraqlarını nəzərə almalıdır”.
 
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib.
 
 
Onun sözlərinə görə, Gürcüstan hər zaman humanitar məsələlərdə qonşularına yardım əli uzadıb: “Lakin Gürcüstan heç bir halda Azərbaycanın maraqlarına qarşı çıxa bilməz. Gürcüstan tərəfi yaxşı başa düşür ki, bu məsələdə Azərbaycanın maraqlarına zidd olan addım atmaq olmaz”.
 
 
Digər politoloq Quram Marxuliya da Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizinin açmasını yolverilməz hesab edir: “Gürcüstan və Azərbaycan geosiyasi tərəfdaşdırlar və bu halda Gürcüstanın Ermənistan üçün alternativ yol açması həm siyasi, həm də iqtisadi cəhətdən məqsədəuyğun deyil”. 
 
 
Ekspert deyib ki, Ermənistan Gürcüstanın düşmənidir. “Gürcüstan Azərbaycanla geosiyasi birliyi nəzərə almalıdır. Ümid edirik ki, Ermənistan üçün yeni yol açılmayacaq və Gürcüstan ictimaiyyəti də buna yol verməz”.
 
 
Q.Marxuliya əlavə edib ki, Ermənistan dəfələrlə BMT-də Gürcüstana qarşı çıxır: “Gürcüstanın işğal altındakı ərazilərindən olan qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının əleyhinə olan Ermənistan bizə necə dost ölkə ola bilər?”
 
 
Qeyd edək ki, bu yaxınlarda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili fors major hallarda Tsxinvalidən keçən dəhlizdən Ermənistanın istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib. Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir. Bu yol xüsusən də qış aylarında güclü qar yağması və sürüşmələrə görə tez-tez bağlanır və Ermənistandan Rusiyaya gedən yüklər uzun müddət sərhəddə qalmalı olur.
 
 
Baxış sayı: 126