Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, hakim Kəramət Əliyev sədrliyi ilə keçirilən məhkəmədə erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinib.


Məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur oğlu tutulan şəxsi tanımadığını bildirib: "Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orada terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm ki, bu terrorçuya layiq olduğu cəzanı verərdiniz".

Zərərçəkmiş Hadiyev dindirmə zamanı onu da bildirib ki, həmin bazar sovetlər dövründə ermənilərin daha çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Dindirilən Kazaryan Karen Armeni zərərçəkmiş şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.






Cümşüd Məmmədov 
Baxış sayı: 42