Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan İrəvanın növbəti təxribatçı planının qarşısını aldı

"Rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın namizədliyini təsdiq etməyib. Bunun iki səbəbi var. Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minasyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər. İkincisi, Sergey Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir". 

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək: "Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair də şübhələr var.

Aydındır ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz. Bəs rəsmi İrəvan bilə-bilə ki, Tiflis Sergey Minasyanı səfir kimi qəbul etməyəcək nədən onu Gürcüstana səfir təyin etmək istəyib? Bunun iki səbəb ola bilər. Birincisi, Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı, Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmaq istəyib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi isə görünür yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər. İkinci səbəb isə Rusiya və Ermənistanın Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahat olmasıdır. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmir yolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır. Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı da fəallaşdırmaq istəyirlər".

E.Şahinoğlu bildirib ki, Tiflis bu təxribatçı planların qarşısını alıb: "İndi İrəvanın iki yolu var. Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə, Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək. Ya da İrəvan bir müddətdən sonra Minasyanı bir başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifətin ciddi etirazıyla üzləşəcək".

11 Oktyabr 2017, 12:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge