Gürcülərin bir hissəsi Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir, ona görə də onun tərəfdarları Vaşadze və Bakradzeyə səs verdilər.

Axar.az xəbər verir ki, bunu Gürcüstanda prezidenti seçkilərinin I turunun yekunları haqda danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Zurabişvilinin birinci turda qələbə çala bilməməsinin bir neçə səbəbi var:

“Birincisi, Zurabişvili müsahibələrinin birində Rusiya-Gürcüstan müharibəsinin başlamasının səbəbini Saakaşvilidə gördüyünü dedi. Gürcüstan 10 ildir dünyaya Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etdiyini sübut etməyə çalışır. Zurabişvilinin sözlərindən isə belə çıxdı ki, müharibənin səbəbkarı Gürcüstandır. Bu açıqlama Gürcüstanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilərdi.

İkincisi, Zurabişvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycan və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Bu açıqlama Gürcüstan azərbaycanlılarının qəzəbinə səbəb oldu. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti I turda Vaşadze və Bakradzeyə səs verdilər və onların səsi həlledici oldu. Azərbaycanlıların əksəriyyəti Zurabişviliyə səs versəydi, o, elə ilk turda prezident seçilərdi”.

Politoloq qeyd edib ki, Vaşadzenin II turda prezident seçilməsi şansı yüksəkdir:

“Çünki prezidentliyə bütün müxalifət namizədlər II turda tərəfdarlarını Vaşadzeyə dəstək verməyə çağırıblar. Üçüncü yeri tutan Bakradze I turda 11 faizə yaxın səs topladı. Bu səslərin bir hissəsi II turda Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq”.

Politoloq Vaşadzenin prezident seçiləcəyi təqdirdə Saakaşvilinin Gürcüstana qayıtma ehtimalını da dəyərləndirib:

“Vaşadze prezident seçilərsə, Saakaşvilinin geri qayıdışı mümkündür. Ancaq Gürcüstanda parlament və baş nazirin səlahiyyətləri prezidentdən yüksəkdir. Ona görə də prokurorluq Saakaşvilini həbs etməyə çalışacaq. Yəni hətta Vaşadze prezident seçilərsə, Saakaşvilinin qayıdışı risklidir. Buna baxmayaraq, Saakaşvili dəfələrlə sübut edib ki, o, qorxaq siyasətçi deyil və mübarizəyə hazırdır”.

Siyasi şərhçi Vaşadzenin qələbəsindən sonra Gürcüstanda erkən parlament seçkilərinin keçirilməsini istisna etməyib:

“Vaşadzenin II turda prezident seçilməsi gürcülərin hakim partiya və İvanişviliyə dəstəyinin azalması demək olacaq. Bu baxımdan Vaşadzenin qələbəsi Gürcüstanda erkən parlament seçkisini də aktuallaşdıra bilər”.

E.Şahinoğlunun fikrincə, Vaşadzenin qələbəsi azərbaycanlıların da maraqlarına cavab verir.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifətin yaratdığı “Güc birlikdədir” blokunun namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.

11 faizə yaxın səslə 3-cü olan Bakradze ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini açıqlayıb.

Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.

Baxış sayı: 74