Unutmayaq ki, Gürcüstan Azərbaycan və Türkiyədən hələ çox asılıdır. Bu asılılıq tam ortadan qalxmayana qədər ən azı Borçalıya mədəni muxtariyyat qazandırmalıyıq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Zurabişvili Fransa vətəndaşıdır:

“Uzun illər Fransada yaşayıb və Fransa XİN-də çalışıb. Şevardnadzenin prezidentliyi dövründə Zurabişvili Gürcüstanın Fransada səlahiyyətli səfiri olub. Saakaşvili hakimiyyətə gələndən sonra Zurabişvili xarici işlər naziri təyin edilib. Sonradan Saakaşvili ilə Zurabişvilinin yolları ayrıldı”.

Politoloq vurğulayıb ki, Fransanın erməni lobbisinin çox güclü olduğu ölkə olduğunu unutmamalıyıq:

“Aydın məsələdir ki, Zurabişvilinin həm Fransadakı, həm Gürcüstandakı erməni lobbisi ilə geniş əlaqələri var. Qriqol Vaşadze də Saakaşvili prezidentliyi dövründə xarici işlər naziri və digər vəzifələrdə işləyib. Vaşadze Saakaşvilinin dostu və yaxın silahdaşıdır”.

Politoloq iki şəxsin ermənilərə münasibətinə də diqqət çəkib:

“Ümumiyyətlə, ermənilərin Gürcüstana təsiri həmişə olub. Gürcüstanda yaşayan ermənilər ölkənin həyatına, cəmiyyətinə daha geniş inteqrasiya olunub. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələn, gürcülərlə ermənilərin eyni din mənsubiyyətində olması və s”.

Politoloq bu seçkilərin nəticəsinin orada yaşayan azərbaycanlılara hansı formada təsir edəcəyinə də münasibət bildirib:

“Nə vaxta qədər ki Gürcüstanın sayca ikinci olan xalqı - türklər bu ölkənin ən hüquqsuz etnosu olaraq qalacaq, kim istəyir qalib gəlsin, oradakı soydaşlarımız üçün heç nə dəyişməyəcək”.

Politoloq qeyd edib ki, rəsmi Bakı Borçalı kartından müsbət baxımdan istifadə etməyə başlamalıdır:

“Bununla bağlı Azərbaycan Gürcüstana siyasi təsir edə bilər. Borçalı və Məhsəti türklərinin taleyinə, Gürcüstandakı müqəddəratına Azərbaycanla Türkiyə biganə qalmamalıdır”.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifətin yaratdığı “Güc birlikdədir” blokunun namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.

11 faiz səslə 3-cü olan Bakradze ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini açıqlayıb.

Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək

Baxış sayı: 57