Tiflisdə səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir neçə yaradıcı azərbaycanlı gənclə görüşüb. GAXA-nın Tiflis müxbirinin məlumatına görə, L. Əliyeva dünən Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında özünün “Canlı həyat” (Live Life) adlı sərgisinin açılışında bir neçə azərbaycanlı gənclə görüşərək onların yaradıcılığı və elmi araşdırmaları ilə maraqlanıb. O, sərgi çərçivəsində Gürcüstanda yaşayıb fəaliyyət göstərən gənc və istedadlı rəssam, Gürcüstan Rəssamlar Federasiyasının (GRF) üzvü Risvan İsmayıl ilə görüşüb və onun yaradıcılığı ilə maraqlanıb. Rəssam R. İsmayıl özünün “Numerologizm” üslubu ilə çəkdiyi rəsm əsərləri barədə Leyla Əliyevaya ətraflı məlumat verib və bu üslubda Əbcət hesabı ilə işlədiyi “5” rəqəmi ilə bağlı “Numerologizm portreti” adlı tablonu, özünün rəsm əsərlərinin kataloqunu və “Numerologizm” üslubu haqqında nəşr olunan bukleti hədiyyə edib. O, hörmətli qonağa bildirib ki, əsərləri dünyanın bir çox sərgi salonlarında nümayiş olunub.
 
Rəssam GAXA-ya açıqlamasında L. Əliyevaya hədiyyə etdiyi taplonu Leyla xanımın bəyəndiyini və 5 rəqəmin onun çox sevdiyi bir rəqəm olduğunu bildirib.
 
Qeyd edək ki, hazırda rəssam R. İsmayılın iki yüzdən artıq yağlı boya və qrafik əsəri var.
 
L. Əliyeva həmçinin, gənc alim Aygül İsayeva və gənc yazıçı Kamran Kiryakov ilə görüşüb. Gənclərin yaradıcılığı barədə məlumatlandırılan L. Əliyeva onlara uğurlar arzulayıb və hər üç gənclə şəkil çəkdirib.
Baxış sayı: 93