Reklam yeri
Reklam yeri
Reklam yeri

Tbilisidə keçirilən seminarda Azərbaycan müəllimlərinin layihələri yüksək qiymətləndirilib

Tbilisidə “Müəllimlərin elektron-virtual əlaqəsi” adlı seminar keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 11 ölkədən 50-dən çox nümayəndənin iştirak etdiyi seminarda müəllimlərin müxtəlif layihələrdə iştirakı, şagirdlərin təhsilində virtual elektron əlaqələndirmənin rolu, virtual təhsil, müəllim və şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub.

Gürcüstan təhsil nazirinin müavini Arçil Karaulaşvili çıxış edərək Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasında təhsilin rolu, müəllimlərin elektron-virtual əlaqələrinin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, müəllimlərin elektron-virtual əlaqəsi, bununla əlaqədar seminar, konfrans və simpoziumların təşkili olduqca vacibdir.

"British Council" məktəbinin səfiri Kris Uilliam "eTwinning" layihəsinin əhəmiyyətindən danışıb, bəzi ölkələrin, eləcə də, Azərbaycanın bu seminarda “eTwinning Plus” ölkələr sırasında iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, əsas məqsəd iştirakçı müəllimlərin öz ölkələrinin tarixini, mədəniyyətini, ədəbiyyatını virtual formatda, elektron vasitələrlə bir-birinə çatdırmaq, təhsil sahəsində mövcud olan problemlərin həlli ilə bağlı layihələr hazırlamaq, yeni metodiki qaydaların daha müasir formada təhsil müəssisələrində tətbiqinə nail olmaqdır. O, çıxışında, Azərbaycanda müəllimlərin müxtəlif fənlər üzrə müstəqil layihələr hazırlamasını yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycan məktəblərində belə layihələrin qalibi olmuş 4 nəfərdən ikisi bu seminarda iştirak edir. Bu da Azərbaycanda təhsilin inkişafında "eTwinning" layihəsinin yüksək göstəricisidir.

Azərbaycanda keçirilmiş elektron-virtual layihələr çərçivəsində qalib gəlmiş İsmayılı şəhər 1 saylı məktəbin ingilis dili müəlliməsi Şükufə Nəcəfova jurnalistlərə müsahibəsində deyib ki, ölkəmizdə təhsilin inkişafında tətbiq olunan bu forma olduqca yaxşı nəticələr verir. Məktəbin iki müəlliməsinin – onun və musiqi müəlliməsi Sura Mehdiyevanın hazırladıqları layihələr respublika üzrə keçirilmiş yarışda qalib olub. Bu layihələr müəllim və şagirdlərin təhsilinin, tarix, mədəniyyət və digər fənlər üzrə əlaqələrin inkişafında elektron-virtual əlaqələrin əhəmiyyətinin vacibliyini sübut etdi.

Musiqi müəlliməsi S.Mehdiyeva bildirib ki, əvvəllər çoxları musiqi fənnini o qədər yüksək qiymətləndirmirdi:

“Lakin, hazırladığım layihə ilə musiqimizin, xalq yaradıcılığı və sənətkarlığın inkişafındakı rolu bir daha sübut etdi ki, musiqinin dili, heç də başqa dillərdən geri qalmır”.
Sonra seminar kollokvium və panellərdə işini davam etdirib.
Seminar oktyabrın 6-dək davam edəcək.

5 Oktyabr 2017, 14:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge