Reklam yeri
Reklam yeri
Reklam yeri

Prezident: “Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub”

 «Bizim iqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə  əks olunub. Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir».
 
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
 
Dövlət başçısı qeyd edib ki, ölkədə qeyri-enerji sektoruna böyük diqqət yetirilir: “Bu il ixracatın artımı 20-30 faiz təşkil edir, kənd təsərrüfatı sahəsində ixrac artımı isə 50 faizdən çoxdur. Beləliklə, iqtisadiyyatın şaxələnməsi artıq bir reallıqdır. Buna görə də neftin qiymətinin çevik düşməsinin bizə müəyyən problemlər yaratmasına baxmayaraq, çox qısa müddətdə biz bu problemlərin öhdəsindən gələ bildik. Əlbəttə ki, Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında biz öz rolumuzu oynayırıq. Bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalanıb. Bu müqavilə bizə nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq”.
 
Prezident deyib ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir: “Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışırıq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub. Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq. Çünki biz hazırda yeni nəhəng qaz yataqlarının kəşfiyyat işlərini aparırıq. Ona görə, bu, böyük bir ehtiyatdır. Biz Azərbaycanı qeyd etdiyim ölkələr vasitəsilə Avropa, İtaliya ilə birləşdirən boru xəttinin inşasını aparırıq. Boru xəttinin uzunluğu 3500 kilometrdir və bu xəttin inşaat işləri də uğurla gedir. Ümid edirik ki, gələn il birinci faza olacaq və 2020-ci ildə layihə tamamlanacaq. Bu layihənin dəyəri ən azından 40 milyard ABŞ dolları təşkil edir və Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində fəal investor qismində çıxış edir və öz töhfəsini verir. Bizim toplanılmış maliyyə ehtiyatlarımız istənilən layihəni həyata keçirmək üçün kifayət edir, hazırda 40 milyard dollardan da artıqdır. Bizim çox kiçik xarici borcumuz var və bu, ümumi daxili məhsulun 20 faizindən daha da azdır. Buna görə də biz beynəlxalq maliyyələşməni cəlb etməkdə heç bir problem yaşamırıq. Bizim etdiklərimiz isə əsasən “Cənub Qaz Dəhlizi” layihəsi ilə əlaqəli məqsədlər üçündür. Digər infrastruktur layihələri və yerli səviyyədə həyata keçirdiyimiz layihələr üçün biz dövlət büdcəsinin vəsaitlərindən istifadə edirik. Buna görə də iqtisadiyyat və enerji təhlükəsizliyi nöqteyi-nəzərindən, əlbəttə ki, Azərbaycanın gələcəyi daha da yaxşı olacaq. Bununla bağlı mənim heç bir şübhəm yoxdur”.

5 Oktyabr 2017, 11:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge