Yunanıstanın bir neçə gündür itkin düşmüş “Pantelena” tankeri avqustun 14-nə keçən gecə dəniz quldurları tərəfindən ələ keçirilib.“Report” xəbər verir ki, gəmi kapitanı Laşi Qadelinin sözlərinə görə, quldurlar 17 Gürcüstan və 2 Rusiya vətəndaşından ibarət heyət üzvlərini 9 gün girov saxlayıblar.

“Gəmini həmin vaxt mənim köməkçim idarə edirdi, onu silahla təhdid edərək tankeri qaçırıblar. Quldurlar bütün heyət üzvlərini bir kayuta salıblar və 9 gün orada saxlayıblar”, — deyə o telefon vasitəsi ilə Gürcüstanın İctimai Televiziyasına bildirib.

Kapitanın sözlərinə görə, quldurlar dənizçilərə zərər yetirməyiblər və onları avqustun 23-də azad ediblər. Bununla belə kapitan onların hansı şərtlər müqabilində sərbəst buraxıldıqlarını açıqlamayıb.

Gəmi avqustun 14-də Qabon sahillərində itib. Avqustun 23-də Mərkəzi Afrika Respublikasının dəniz idarəsi peyk vasitəsi ilə gəmini aşkar edib.

Baxış sayı: 64