Reklam yeri
Reklam yeri
Reklam yeri

Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas dayağı rolunda…

“Gürcüstanda fiziki və hüququ şəxslər üçün özəl sektorda yaradılan münbit investisiya şəraitinə, gəlirlik həcmi və ümumdaxili məhsul artdığına görə yerli investorlar adıçəkilən ölkədə yatırım etməkdə maraqlıdırlar”
 
Azərbaycan Gürcüstan iqtisadiyyatına xarici investisiyaların həcminə görə liderlik edir. Açıqlanan statistik rəqəmlərə əsasən, 2017-ci ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 224,2 milyon dollar investisiya qoyub. Bu, 2016-cı ilin yanvar-iyun aylarında qeydə alınan göstəricidən 20,36 faiz azdır.

Bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatında deyilir. Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 97,3 milyon dollar, ikinci rübündə 126,9 milyon dollar investisiya yerləşdirib.

Hesabata əsasən, Azərbaycan bu ölkənin iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə liderlik edir. Gürcüstana qoyulan bütün investisiyaların üçdə bir hissəsi Azərbaycanın payına düşür.

Bu sahədə xarici ölkələr arasında ikinci yerdə Türkiyə (120,8 milyon dollar), üçüncü yerdə Böyük Britaniya (111,6 milyon dollar) qərarlaşıb. Ümumilikdə, bu ilin ilk yarısında xarici ölkələr Gürcüstan iqtisadiyyatına 751 milyon dollar investisiya yerləşdirib.

Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr arasında Azərbaycanın liderlik etməsi barədə fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Baki-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan-Gürcüstan iqtisadi münasibətləri hər iki ölkə üçün çox vacibdir: “Unutmaq lazım deyil ki, Azərbaycanın  Avropaya açılan qapısı Gürcüstandır. Azərbaycan öz enerji resurslarını Gürcüstan vasitəsilə Qərbə çıxarır. Artıq neçə ildir bu tədbirlər həyata keçirilir. Son illər adıçəkilən ölkədə yaradılan mühit, qanunun aliliyi, məhkəmə hakimiyyətinin normal çalışması, investorlar üçün yaradılan müsbət şərait Gürcüstanı cəlbedici investisiya ölkəsinə çevirib. Bu səbəbdən də, ölkə olaraq, investorlar üçün Gürcüstan daha sərfəlidir”.
Həmsöhbətimizin sözlərinə görə, son bir neçə il ərzində Gürcüstanda iş görmək üçün stimul yaranıb. Orada yaradılan investisiya şəraiti azərbaycanlı investorların diqqətini daha çox cəlb edir: “İnvestisiya üçün harada şərait yaradılırsa, kapital ora qaçır. Gürcüstanda fiziki və hüququ şəxslər üçün özəl sektorda yaradılan münbit investisya şəraitinə, gəlirlik həcmi və ümumdaxili məhsul artdığına görə yerli investorlar adıçəkilən ölkədə yatırım etməkdə maraqlıdırlar”.

12 Sentyabr 2017, 13:04   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge