NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyətinin olduğunu açıqlayıb. Lakin baş katib bunun nə vaxt reallaşa biləcəyi ilə bağlı dəqiq tarix söyləməyib. Bundan dərhal sonra Rusiyanın baş naziri Dmitri Medvedyev açıqlama verərək "Gürcüstanın NATO-ya daxil olmasının fəlakətə səbəb ola biləcəyini” deyib. Baş nazir bildirib ki, Gürcüstanın hərbi alyansla yaxınlığı qorxunc münaqişə yarada bilər: "Başa düşülmür, ümumiyyətlə, bu, nəyə lazımdır?”.
 
Tərəflər arasındakı gərginliklə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sərdar Cəlaloğlu xatırladıb ki, Rusiya Gürcüstan ərazilərinin bir hissəsini ilhaq edib. Ekspertin fikrincə, artıq Moskvanın əlində təzyiq rıçağı qalmayıb:
 
"Bundan artıq nə edə bilər ki? Gürcüstan dövləti öz müstəqilliyi üçün böyük qurbanlar verib. NATO-nun Gürcüstanda qoşunları var. Ölkə aktiv şəkildə Qərbə inteqrasiya edir. Vaxtı ilə Baltikyanı ölkələr Avropaya istiqamət götürəndə Rusiya eyniylə təhdid xarakterli bəyanatlar verməyə başladı. Lakin bundan sonra Baltikyanı ölkələr daha sürətli şəkildə NATO-nun himayəsinə keçdilər”.
 
 
S.Cəlaloğlunun sözlərinə görə, Rusiyanın məqsədi Tbilisini təhdidlərlə qorxutmaq, geri addım atmağa sövq etməkdir:
 
"Reallıq odur ki, Gürcüstanın bu istiqamətdə itirə biləcəyi çox şey yoxdur. Onsuz da Moskva Gürcüstan ərazisinin üçdə birini öz nəzarəti altına alıb. Düşünürəm ki, Tbilisi hökuməti Qərb istiqamətində sona qədər addımlayacaq”.
 
Baxış sayı: 55