Reklam yeri
Reklam yeri
Reklam yeri

“Gürcüstanda ictimai fəallıq göstərməliyik”

Gültəkin Mustafayeva: “Gürcüstanda Xəstə Uşaqlara Yardım Fondu yaratmaq istəyirik”


Gürcüstandakı soydaşlarımızda ictimai fəaliyyət baxımından həm təcrübə, həm də potensial var. Sadəcə, əksəriyyət maliyyə çətinliklərini əsas gətirərək işləmək istəmir. Qəribədir ki, bir çoxları Azərbaycandan onlara maliyyə dəstəyi göstərilməsini istəyir. Bir vaxtlar Azərbaycandan ayrılan maliyyə dəstəyi ilə işləyən təşkilat sədrləri də bu gün ofislərini bağlayıb öz biznesləri ilə məşğuldurlar. Hansı ki, bu gün onların milli vətənpərvərliyini göstərib öndə olması gərəkdir. Ümumiyyətlə, xaricdəki milli təşkilatlar Azərbaycandan maliyyə ummaq düşüncəsini dəyişməlidir. Onlar öz layihələrini icra etmək üçün fəaliyyət göstərdikləri ölkələrin aidiyyəti orqanlarına, ayrıca beynəlxalq təşkilatlara qrant üçün müraciət edə bilərlər. 

Lakin Gürcüstanda öz ayağı üstə dayanıb işləyən milli təşkilatlar da var. İstər köhnə, istərsə yeni nəslə təmənnasız ictimai fəaliyyəti ilə nümunə olacaq Aktiv Azərbaycanlı Qadınlar Təşkilatını, təşkilatın sədri Gültəkin Mustafayevanı buna misal göstərmək olar. G.Mustafayevanı bir növ yaşlı nəslin yeni fəal nümayəndəsi hesab etmək olar. Yəni G.Mustafayeva hələ məktəb illərindən ictimai fəal olub. Tələbəlik illərində də bu aktivliyi qoruyan G. Mustafayeva Gürcüstanda bir çox sosial-mədəni tədbirlərin təşkilatçısı olub. 2015-ci ildən isə Aktiv Azərbaycanlı Qadınlar Təşkilatını yaradaraq öz ictimai fəaliyyətini gücləndirib. Qeyd edək ki, G. Mustafayeva 1969-cu ildə Gürcüstanda anadan olub. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda ali təhsil alıb. 

- Aktiv Azərbaycanlı Qadınlar Təşkilatının missiyası nədən ibarətdir?

-Missiyamız odur ki, Azərbaycanın tarixini, zəngin mədəniyyətini, mətbəxini, adət-ənənələrini və s. təbliğ edirik. Ayrıca azərbaycanlı qadınları aktivləşdirib təhsil almaları üçün yardım etməyə çalışırıq. Azərbaycan qadını göstərməlidir ki, onlar da bu cəmiyyətin tamhüquqlu üzvüdürlər. Bir sözlə, öz ictimai fəallığımızı Gürcüstanda göstərməliyik.
- Gürcüstandakı azərbaycanlıların nə kimi çətinlikləri var?

-Mən milləti seçməyi sevmirəm. Hər zaman “bizim” deyirəm. Təəssüflər olsun ki, son illər millətləri etnosa bölürlər. Biz Gürcüstan vətəndaşıyıq. Azərbaycanlıların burada çox problemləri var. Ən başlıcası, əksəriyyət gürcü dilini bilmir. Buna görə də çox çətinliklərlə qarşılaşırlar. Mən həmişə çalışıram ki, gürcü dilini bilməyən qadınlara dayaq olum. Onlara tərcüməçilikdən başlamış ailə problemlərinə kimi hər cür yardım edirəm. Çalışıram ki, Azərbaycandan gələn gənclərə də burada şərait yaradım. 

Azərbaycanlılar deyirlər ki, gürcülər onları çox sevirlər. O sevginin təməlini Gürcüstanda yaşayan azərbaycanlılar qoyublar. Həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam. 

- Bəs azərbaycanlılar gürcülərin sevgisinin qarşılığını verirlərmi?

-Bəli, azərbaycanlılar da gürcüləri çox sevirlər.

- Azərbaycanlılar rəsmi vəzifələrdə istənilən qədər təmsil olunmurlar. Bu baxımdan, azərbaycanlı qadınlar daha zəifdirlər.

-Ümumiyyətlə, əksər azərbaycanlı qadınlara kişilər işləməyə icazə vermirlər. Burada mentalitet məsələsi var. Bizim vaxtda bütün qadınlar oxuyurdular. Sovet dövründən sonra belə oldu. Bu, millətin günahı deyil, dövrün günahıdır. Düzgün qeyd etdiniz ki, soydaşlarımız rəsmi işlərdə az təmsil olunurlar. Ona görə də qadınlar öz ayaqları üzərində dayana bilmək, dövlət orqanlarında çalışmaq üçün təhsil almalıdırlar. Lakin yeni bir nəsil gəlir. Bizim tələbələr artıq özlərini göstərirlər; irəli gedirlər, işləyirlər. Yəni, az da olsa, başlanğıc var.

- Son zamanlar azərbaycanlıların ictimai fəaliyyətində durğunluq var. Sizcə, bu nə ilə bağlıdır?

-Əvvəl Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzi var idi. İndi bu təşkilat, deyəsən, yoxdur. Bunlar əvvəl Azərbaycandan maddi dəstək alırdılar. . Mən özüm heç yerdən maddi dəstək almamışam. Digər tərəfdən təşkilatların sayı çoxalıb, amma fəaliyyətləri yoxdur. Ona görə ki, maliyyə dəstəkləri yoxdur. Məncə, bir insan ictimai fəaliyyət göstərirsə, təbii ki, pulsuz bir iş görə bilməz. 

İkincisi, birlik və istək də yoxdur. Bir də başqasını önə çəkmək yoxdur. Mən hər dəfə çalışıram gənclər çıxış edib özlərini göstərsinlər. Gənclərlə məktəblilərə motivasiya vermək lazımdır. Bizim millətdən kimsə burada bir iş görəndə mən çox sevinirəm. Mən, xüsusən, gənclərə hər cür şərait yaradıram; seminar, görüş, sərgi təşkil edirəm. 

- Təşkilat liderləri arasında sanki bir umu-küsülülük var. Sizcə, bu nədəndir? 

-Bu ondan irəli gəlir ki, hər kəs özünü göstərmək istəyir. Gürcüstanda bizim millətə başçı lazımdır. Burada bir çox liderlik məktəbi ilə bağlı treninqlər keçirlər. Amma başa düşmürlər ki, hər adam da lider ola bilməz. 

- Hansı perspektiv layihələriniz var?

-Ötən il 20 gürcü qadını Bakıya aparmışdım. Bu səfər çox effektli oldu. Bu il yenə 20 gürcü qadını Azərbaycana aparmağı planlaşdırıram. Çox istərdim ki, Azərbaycanda qadınlarla bağlı olan QHT üzvləri bizi qarşılasınlar.

Mən öz layihələrimdə qadınların problemləri və gənclərin inkişafına üstünlük verirəm. Azərbaycan qadınları gürcü dilini mükəmməl öyrənməlidirlər. Çünki gürcülər də istəyirlər ki, azərbaycanlılar bu dili bilsinlər. Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, bu gün Gürcüstandakı azərbaycandilli məktəblərin bağlanmaq təhlükəsi var. Çünki valideynlər, əsasən, uşaqlarını gürcü məktəblərinə aparırlar. Artıq, demək olar ki, azərbaycandilli məktəblərdə birinci sinfə uşaq gəlmir. Azərbaycanlı müəllimlər də, bu baxımdan, qorxu içərisindədirlər...
Burada azərbaycanlı leykemiya, talassemiyalı xəstə uşaqlar var. Onlara yardım göstəririk. Çünki onların anaları gürcü dilini bilmirlər. Bundan başqa, sənədləşmə işinə kömək edirəm. Yeri gələndə özümüz maddi dəstək də göstəririk. Elə ailələr var ki, yolpulları və ya qalmaq üçün yerləri yoxdur. Eləsi var ki, xəstəxananın qarşısında maşında yatırlar. Ümumiyyətlə, belə insanlara dəstək olmaq məqsədilə Gürcüstanda Xəstə Uşaqlara Yardım Fondu yaratmaq istəyirik. Çox istəyirəm ki, burada çalışan azərbaycanlı iş adamları, bu baxımdan, aktiv olsunlar. Özləri kimə inanırlarsa, onu rəhbər seçsinlər. O fonda yığılan pulla bu xəstə uşaqlara çox böyük yardım etmək olar. 

Fuad Hüseynzadə
(Bakı-Tbilisi-Bakı)

31 Avqust 2017, 11:54   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge