Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanda yanğın: qonşu ölkələr kömək edib

Artıq 5 gündür ki, Gürcüstanın Borjomi dərəsindəki Dab kəndi yaxınlığında baş verən yanğını söndürmək mümkün deyil.

Bütün bu günlər ərzində yüzlərlə yanğınsöndürən yanğınla mübarizə aparır. Aviasiya qüvvələri, o cümlədən qonşu ölkələrdən Gürcüstana köməyə göndərilən helikopterlər də yanğınıla mübarizəyə cəl edilib.

Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin sözlərinə görə, hazırda yanğının söndürülməsi üçün hadisə yerinə 6 helikopter və 1500 canlı qüvvə cəlb edilib.

"Gün ərzində hadisə yerində həm canlı qüvvələrlə, həm də aviasiya qüvvvələri ilə işlər davam etdirilib. Vəziyyət nəzarət altındadır", - deyə Kvirikiaşvili bildirib.

Onun göstərişi ilə Borjomi bələdiyyəsində yanğının aradan qaldırılması istiqamətində fövqəladə qərargah yaradılıb.

Təbii ehtiyatlar və ətraf mühitin qorunması nazirinin verdiyi məlumata görə, Borjomi dərəsində yanğın avqustun 20-də başlayıb.

Bu, Borjomi dərəsində baş verən ilk yanğın deyil. 2008-ci ildə Rusiya-Gürcüstan arasında baş verən silahlı münaqişə zamanı da Borjomi dərəsində yanğın baş vermişdi.

İlk əvvəl yanğının 5 hektarlıq sahəni bürüdüyü bildirilirdi. Lakin yanğının ikinci günü vəziyyət daha da gərginləşərək daha böyük əraziyə yayılmağa başlayıb.

Yanğın nəticəsində nə qədər sahəyə ziyan dəyməsi barədə dəqiq məlumatlar yoxdur. Lakin ilkin məlumatlara görə, 10 hektarlıq sahənin ziyan çəkdiyi ehtimal olunur.

Hava şəraitinə görə davamlı olaraq yanğının və tüstünün güclənməsi yerli əhalidə narahatlıq yaradıb. Lakin ölkə rəhbərliyinin sözlərinə görə, hazırkı mərhələdə yerli sakinlərin həyatı təhlükədə deyil və onların təxliyyə edilməsinə də ehtiyac yoxdur.

Qonşuların köməyi

Azərbaycan və Belarus Gürcüstana helikopter, Türkiyə isə iki helikopterlə yanaşı təyyarə də göndərib.Fotonun müəllifiGOV.GE
Image captionAzərbaycan və Belarus Gürcüstana helikopter, Türkiyə isə iki helikopterlə yanaşı təyyarə də göndərib.

Gürcüstana fəlakətlə mübarizə aparmaq üçün qonşu ölkələr də yardım göstərir.

Ölkə rəhbərliyinin məlumatına görə, gürcüstanlı həmkarlarına kömək etmək üçün Azərbaycandan 95 nəfər, Ermənistandan isə 70 nəfər xilasedici yanğınsöndürən gəlib.

Yanğının aradan qaldırılması üçün aviasiya qüvvələri də işə cəlb olunub. Azərbaycan və Belarus Gürcüstana helikopter, Türkiyə isə iki helikopterlə yanaşı təyyarə də göndərib.

"Yanğının ilk günündən bizə yardım etmək istədiklərini söylədilər və biz də Azərbaycan, Türkiyə, Ermənistan və Belarusdan yardımı qəbul etdik", - deyə Kvirikaşvili bildirib.

Baş nazirin sözlərinə görə, digər ölkələr də, o cümlədən Ukrayna, ABŞ, Israil, İran və Avropa ölkələri də öz yardımını təklif edib.

Gürcüstana kömək əlini uzadanlar arasında Rusiya da var. Bu isə Gürcüstanda birmənalı qarşılanmayıb.

Gürcüstan baş nazirinin sözlərinə görə, Gürcüstan və Rusiya arasındakı gərgin münasibətlər şəraitndə bu təklif müsbət qiymətləndirilir. Bir qədər əvvəl ölkə rəhbərliyi buna ehtiyac olmadığı üçün Rusiya tərəfinin təklifinin qəbul edilmədiyini bildirmişdi.

Yanğının səbəbləri

GürcüstanFotonun müəllifiGOV.GE

Yanğının aradan qaldırılması istiqamətində yaradılmış fövqəladə qərargaha Gürcüstan daxili işlər naziri başçılıq edir.

Rəhbərliyin məlumatına görə, müxtəlif hökumət orqanlarının daxil olduğu qərargah 24 saat fəaliyyət göstərir. Baş nazir və qərargah üzvləri fəlakət zonasında, Borjomi dərəsində qalırlar.

Bununla yanaşı, müxalifət nümayəndələri rəhbərliyin hadisəyə gec reaksiya verməsindən və yanğınla effektsiz mübarizə aparmalarından danışır.

Müxalifətyönlü Vahid Milli Hərəkatından olan deputatların fikrincə, yanğın söndürüldükdən sonra tədqiqat aparılmalı, yanğının baş vermə səbəbləri ilə yanaşı ölkə rəhbərliyinin hadisəyə reaksiyası da araşdırılmalıdır.

Gürcüstanda ilin bu vaxtı yanğınlar kifayət qədər tez-tez olur. Son günlər ərzində gürcü yanğınsöndürənlər Gürcüstanın müxtəlif yerlərində baş verən yanğınla mübarizə aparmalı olublar.

Aten dərəsində baş verən yanğını söndürmək üçün isə gürcü hərbçiləri də işə cəlb edilmişdi. Lakin Borjomi dərəsində baş verən yanğın böyük miqyaslı yanğın hesab olunur. Hələ ki, yanğının baş vermə səbəbləri məlum deyil.

Jurnalistlərin yanğının süni şəkildə başlamasının mümkünlüyü barədə suallarını cavablandıran Gürcüstan daxili işlər naziri Georgi Mqebrişvili bildirib ki, istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir.

"Mən bir polis kimi heç bir şeyi istisna etmirəm və biz bütün versiyalar üzərində işləyirik ", - deyə Mqebrişvili qeyd edib.

25 Avqust 2017, 10:53   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge