Xəbər.ge : Gürcüstan Parlamenti yığım pensiyası haqda qanun qəbul edib

Gürcüstan Parlamenti 79 “lehinə” səslə “Yığım pensiyası haqda” qanun layihəsini qəbul edib. Səsvermə iyulun 22-də baş tutub. Qanun 2019-cu ilin yanvarından qüvvəyə minəcək. Bunun üçün layihəni prezident imzalamalıdır.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Yekaterina Mikabadzenin sözlərinə görə, yığım pensiya sistemi işlə təmin olunmuş vətəndaşlara illər ərzində əməkhaqlarına tam proporsional əmanət toplamağa və yüksək əmsal nisbəti əldə etməyə imkan verəcək.

“Yığım pensiya sistemi məhz sosial tələblərə cavabdır və bu sistem çərçivəsində dövlət Gürcüstan əhalisinə əmanət toplamağa əhəmiyyətli dərəcədə kömək edəcək və sosial məsuliyyəti onlarla tam bölüşəcək. Biz ədalət və səmərəlilik baxımından problemlərin həlli üçün real əsas yaradırıq. İslahatın əsas məqsədi məhz budur”, – Yekaterina Mikabadze bəyan edib.

Gürcüstan vətəndaşları özləri üçün necə pensiya toplaya biləcəklər?

Gürcüstanın hər bir sakini üçün pensiya hesabı açılacaq və oraya aybaay pul köçürüləcək. Qanuna əsasən, işlə təmin olunanlar əməkhaqlarının 2 faizi həcmində büdcəyə vəsait köçürəcəklər, bundan başqa işverən və dövlət də fonda 2 faizlik köçürmə edəcək. Özünüməşğulluqla qazanan insanlar gəlirlərindən 4 faiz ödəməli olacaqlar.

40 yaşından cavan işlə təmin olunmuş şəxslərin pensiya islahatlarında iştirakı mütləqdir. Daha yaşlı insanlar könüllü qərar qəbul edə biləcəklər.

Pensiya toplamış adam öldüyü halda onun maddi əmanəti birbaşa varislərinə qalacaq.

Yeni sistem insanlara pensiyaya çıxmaq vaxtını ertələməyə və daha uzun müddət əmanət toplamağa imkan verəcək. Amma insan pensiya yaşına çatdıqdan sonra dövlət və işverən fonda onun üçün iki faizi ödəməyi dayandırır. Bundan sonra vətəndaş yalnız öz iki faizlik ödəmələri hesabına əmanətini çoxalda bilər.

Pensiyaçılar gələcəkdə nə qədər pensiya alacaq? 

Qanun müəllifləri bildirirlər ki, əgər işlə təmin olunmuş şəxs 1000 larilik orta aylıq əməkhaqqı ilə 30 il müdddətində pensiya toplayacaqsa, o zaman onun pensiyası 500 lari təşkil edəcək. Yeni pensiya sistemi bu gün ayda 180 lari (70 dollar) təşkil edən köhnə sabit pensiyanın ləğvi demək deyil. Sabit pensiya bir növ pensiyanın əsas məbləğinin üzərinə əlavə ediləcək.

Pensiya fondunun hər bir iştirakçısının fərdi pensiya hesabı olacaq və o, elektron girişlə təmin ediləcək, yəni öz daxilolmalarını izləyə biləcək.

Vətəndaşların yığımını kim idarə edəcək? 

Yığım pensiya sisteminin təşkili və idarə olunması üçün Müşahidəçilər Şurasının timsalında rəhbər orqanlı pensiya agentliyi yaradılacaq. İlk üç il müddətində pensiya agentliyi dövlət tərəfindən maaliyyələşdiriləcək, daha sonra isə vətəndaşların ödəmələri hesabına mövcud ola biləcək.

Qanun layihəsini hazırlayanlar gözləyirlər ki, yeni sistemin işə düşəndən sonrakı ilk maliyyə ilində ödəmələrin ümumi həcmi 400 milyon lari [163 milyon dollardan çox] təşkil edəcək.

Baxış sayı: 45