Reklam yeri
Reklam yeri
Reklam yeri

“Ermənistan Rusiya və Qərblə ikili oyun oynayır” - RƏY

“Ermənistan regionda qeyri-sabit xarici siyasət yürüdür. Hiss olunur ki, bu siyasət dərin strateji məqsədlər üzərində qurulmayıb, sadəcə, mövcud işğalçılıq siyasətinə dəstək əldə etmək məqsədini daşıyır”.
 
Bunu APA-nın sorğusuna cavab olaraq deputat Hikmət Babaoğlu deyib.
 
H. Babaoğlu bildirib ki, Ermənistan eyni zamanda regionda hərbi-siyasi “rıçaq”lara malik olan Rusiya ilə də münasibətlərini taktika üzərində qurur: “Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsi, strateji əməkdaşlığa qalxması fonunda Ermənistan yenə də ikibaşlı oyun oynamağa çalışır. Rusiya ilə oynayır. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olur, bir tərəfdən NATO ilə təlimlərə qoşulur, dərin əməkdaşlığa cəhd edir, gizli danışıqlar aparır. Ermənistan iyulun 30-dan avqustun 12-dək Gürcüstanda NATO çərçivəsində keçirilən "Layiqli tərəfdaş 2017" təlimlərinə qatıldı. Halbuki Azərbaycan bu hərbi təlimdə iştirakdan imtina etdi. Ermənistan Rumıniyada keçirilən tədbirlərə də qatıldı. Bu, siyasi terror deməkdir. Yəni, Ermənistan hər hansı güc mərkəzini siyasi terrorla şantaj edir. Əlbəttə ki, bu cür təhlükəli manevrlər heç vaxt sona qədər davam etməz. Bu, sonda prezident Sarkisyanın özünə qarşı yönələcək”.
 
Deputat qeyd edib ki, bu cür addımlar Rusiyanın da gözündən yayınmır: “Ermənistan axırda xəyanətkar mövqeyinə görə bu və ya digər şəkildə cəzalandırıla bilər. Rusiyanın Ermənistanın siyasi, hərbi və iqtisadi həyatında çox böyük nüfuzu var. Bu sahələr Ermənistanda demək olar ki, Rusiyanın nəzarəti altındadır. Ötən illərdə heç kimin proqnozlaşdırmadığı hadisə baş verdi: iki müttəfiq ölkə kimi tanınan Ukrayna və Rusiya faktiki müharibə həddinə qədər gəlib çıxdı. Düşünürəm ki, Ermənistanın atdığı addımlar da nəticə etibarilə eyni hala gətirib çıxaracaq. İndi görünən odur ki, Sarkisyan Rusiya prezidenti ilə görüşərək “hesabat” verməyə cəhd edir. Amma bu, o qədər primitivdir ki, nəticə etibarilə Ermənistanın əleyhinə yönəlmiş prosesin başlanmasına gətirib çıxara bilər”.
 
H. Babaoğlunun sözlərinə görə, Azərbaycan bu prosesi çox diqqətlə izləyir, dəqiq müşahidələr aparır və heç şübhəsiz ki, hadisələrin inkişafına görə addımlarını müəyyənləşdirir: “Azərbaycanın siyasəti öz torpaqlarını işğaldan azad etməkdən ibarətdir. Ermənistan nə qədər çox səhvlər edəcəksə, bu, ancaq Azərbaycanın lehinə olacaq”.
 
Politoloq Qabil Hüseynli isə Ermənistandakı Rusiya hərbi bazalarını xatırladaraq bildirib ki, işğalçı ölkənin sərhədlərini artıq Moskva qoruyur. Onun sözlərinə görə, Ermənistan ikili oyunlarla Qərblə də əməkdaşlığa can ataraq çıxış yolu axtarmaq istəyir: “Amma Ermənistanın bütün mülkiyyəti – istehsal müəssisələri, sənayesi borc əvəzinə Rusiyaya girov verilib, yaxud satılıb. Mən çox təəccüblənirəm ki, bu ölkəni necə ciddiyə alıb NATO təlimlərinə dəvət ediblər. Ermənistan hazırda Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu təşkilatın ilk hərbi akademiyası da Ermənistandadır. Bu qurumda baş katib vəzifəsinə də Ermənistan generalı təyin olunub. İndi bu qədər Rusiyaya bağlı olan, iqtisadiyyatı Moskvadan asılı olan dövlətin Qərblə müstəqil əməkdaşlığı mümkün deyil”.
 

23 Avqust 2017, 13:19   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge