Xəbər.ge : Bu il Gürcüstan Azərbaycandan 73 min tondan çox yanacaq idxal edib

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 73,7 min ton benzin və dizel yanacağı idxal edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla verdiyi xəbərə görə, hesabat dövründə qonşu ölkənin idxal etdiyi benzin və dizel yanacağının 14,3%-i Azərbaycanın payına düşüb.

 

Cari ilin ilk altı ayı ərzində Gürcüstan ümumilikdə 516,8 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 60 min ton çoxdur. İdxal olunmuş neft məhsullarının 256,7 min tonu benzin, 260,1 min tonu isə dizel yanacağı olub.

 

 

Hesabat dövründə Gürcüstanın benzin və dizel yanağı ilə əsas tədarükçüsü 143,6 min tonla Rusiya olub. Qonşu ölkə həmçinin Rumıniya (128,3 min ton), Türkmənistan (91.8 min ton), Bolqarıstan (51,1 min ton)  və Yunanıstandan (28,2 min ton) qeyd olunan yanacaq məhsullarını idxal edib.

 

Təkcə iyun ayında isə Gürcüstan Azərbaycandan 6,3 min ton benzin və dizel yanacağı idxal edib. Bu həcm may ayı ilə müqayisədə 9,6 min ton və ya 2,5 dəfə azdır. Ötən ay Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının 7,2%-i Azərbaycanın payına düşüb.

 

İyun ayında qonşu ölkə ümumilikdə 86,9 min ton benzin və dizel yanacağı idxal edib. Bu göstərici aylıq müqayisədə 13,2 min ton azdır. Ötən ay Gürcüstanın qeyd olunan neft məhsullarının ən çox idxal etdiyi ölkələrin siyahısına  21,1 min tonla  Türkmənistan başçılıq edir.

Baxış sayı: 49