Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanında daimi nümayəndələri Cənub Qaz Dəhlizinin və TANAP-ın fəaliyyətə başlaması ilə əlaqədar BMT baş katibinə birgə məktub ünvanlayıblar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, məktubda Cənub Qaz Dəhlizinin əsasının 2014-cü il sentyabrın 20-də qoyulduğu qeyd olunur. Qırx milyard ABŞ dollarından artıq sərmayənin cəlb edildiyi və dünyada ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsinə “Şahdəniz-2” qaz yatağının işlənməsi, Cənubi Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılır. Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünya miqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılır. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanır.

Məktubda “Cənub Qaz Dəhlizi” layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək inkişafı, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılır.

Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.

Baxış sayı: 40