Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsinin fəaliyyətində altıncı gündür ki, məhdudiyyətlər yaranıb.

 

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi xəbərə görə, məntəqə yaxınlığında Rusiyaya istiqamətlənmiş 600-ə yaxın yük maşınından ibarət növbə yaranıb. 
 

Məlumatda qeyd olunub ki, məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədən 24 saat ərzində 400-500 yük maşını əvəzinə, 240 maşın buraxılır. Rusiya tərəfi turistlər və onların avtomobillərinə xidmət göstərməyə üstünlük verir. 
 

Gürcüstan tərəfi məntəqənin bütün buraxılış xətlərindən istifadə olunmasını təklif etsə də, Rusiya tərəfi yük avtomobillərinə yalnız bir buraxılış xəttində xidmət göstərir.
 

Qeyd edək ki, “Kazbeqi” sərhəd-keçid məntəqəsindən keçən yol Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoldur. Ermənistan mediasının məlumatına görə, “Kazbeqi” gömrük keçid məntəqəsində kənd təsərrüfatı məhsulları ilə dolu 1500-dək Ermənistana məxsus yük maşını Rusiyaya keçmək üçün növbədə gözləyir.

Baxış sayı: 33