Georgi Talaxadze, 19 yaş, iki ildir yeni ürəklə yaşayır:

“Mən ürək köçürülməsi lazım olduğunu bilmirdim, valideynlərim gizlədirdi. Ən son ana qədər ancaq əməliyyat olunacağımı düşünürdüm. Bəxtim gətirdi: donor biz bura gələndən 18 gün sonra tapıldı. Bilmirəm, xəbərim olsaydı, hər şey belə rahat keçərdimi.

Tbilisi konservatoriyasında klassik vokal və fortepiano sinfində təhsil alıram. Ucadan oxuyuram. Ürəyim ağrımır. Axşamlar da altı saata qədər restoranlarda çıxış edirəm. Opera teatrında çalışmağı arzulayıram.

Ailə qurmağı düşünürəm – Minskdən qayıdan kimi sevgilimə evlənmə təklif edəcəm. Artıq üzük də almışam.

Gürcüstanda təxminən 60 nəfərin ürək köçürülməsinə ehtiyacı olduğunu bilirəm. Artıq yeddi nəfər Belarusdan yeni ürəklə evlərinə dönüblər. Onların arasında 14 yaşlı Keti də var .

Uşaqlara sağlamlıqlarında ciddi problem olduğunu və başqasının ürəyinin köçürüləcəyini demək olmaz. Bu onlara çox pis təsir edir. Təəssüf ki, Ketiyə bu barədə demişdilər və o, çox böyük həyəcan keçirirdi. Onda biz Giorgi və başqa bir oğlanla onun yanına getdik, köynəklərimizi qaldırıb, sinəmizdəki çapıqları göstərdik və dedik: “Biz də sənin kimiyik, amma biz qaçırıq, velosiped sürürük, üzürük, adi insanlar kimi yaşayırıq”. Bu ona kömək etdi”.

Ürəyə zəmanət

Giorgi Sarkisov, 34 yaş, yeni ürəklə dörd ildir yaşayır:

“Mənim sevgilim var idi, Gürcüstan parlamentində işləyirdi. Əməliyyatım üçün pul yığmağa başlayan o oldu. Parlamentdə ciddi dress-kod var, o isə üzərində mənim şəklim və “Onun pula ehtiyacı var” yazısı olan köynəkdə gəzirdi. Danlanırdı, amma buna məhəl qoymurdu. 65 min dollar yığa bildi, hökumət 70 min də verdi.  

Mənim əməliyyatım üçün pul yığılmasını istəmirdim. Amma hamı mənə bunun ayıb olmadığını deyirdi.  

Depressiyada idim, bir ay yataqdan qalxmadım. Sonra da keşişim, Serafim ata gəldi. Mənimlə söhbət etdi, ovcuma yüz dollar qoydu və sabah gəlib günahlarımı dinləyəcəyinə söz verdi. Yəni əməliyyata hazırlaş. İki saat sonra hamama getdim, vanna qəbul etdim, üzümü qırxdım, başıma gələcəklər haqda düşünməməyə başladım.  

Mən Minskə gələndə, ürək yeddi faiz işləyirdi. Donor iki gün sonra tapıldı, bu, öz ad günündə qəzaya uğramış motosikletçi idi.

Onun 38 yaşı var idi. Şəklini göstərməyi təklif etdilər, istəmədim.

Əməliyyatdan sonra evə gələndə, özümə kənara baxıb, düşünürdüm ki, bu, mən deyiləm. Xasiyyətim dəyişib – dostlarım da bunu təsdiqləyir.

Orqan köçürülməsinə ehtiyacı olan gürcülərə kömək edirəm. Hər bir klinikada mənim telefon nömrəm var, həkimlər transplantasiyaya ehtiyacı olan hər kəsə mənim nömrəmi verir. Analizləri Minskə göndərməkdə, həkimlərlə əlaqə saxlamaqda kömək edirəm. Bunu təmənnasız edirəm. Necə pul ala bilərəm, axı mənim özümə də bu cür kömək ediblər.

Gürcüstanda evim var. Minskdə ev almaq üçün onu satmaq fikrindəyəm.

Belarusda oturum icazəsi almaq və növbəti köçürməni pulsuz etmək istəyirəm. Ona nə vaxt ehtiyac olacağını bilmirəm, ürəyin zəmanəti 25 ilə qədərdir”.

Baxış sayı: 36