Ötən ilin dekabrında Tbilisidə qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze etiraz aksiyası keçirir.

 

APA-nın yerli bürosunun məlumatına görə, dünən axşam saatlarında Z. Saralidze Gürcüstan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdən sonra nazirliyin ərazisini tərk etməyib. O, oğlunun qətlində günahı olanların hamısının cəzalandırılmasını tələb edir.

 

Z. Saralidze ötən gecəni nazirliyin həyətində yerləşən oturacaqda keçirib: “Oğlumun qatilləri cəzalandırılmayana qədər Daxili İşlər Nazirliyinin ərazisini tərk etməyəcəyəm”.

 

 

Z. Saralidze hazırda aksiyanı davam etdirir.

 

Sosial şəbəkələrdə Z. Saralidzenin aksiyasına dəstək ifadə olunub. Bu gün saat 19.00-da aksiyaya dəstək verənlərin Daxili İşlər Nazirliyinin qarşısına toplaşacağı gözlənilir.

 

Qeyd edək ki, bu ilin may ayının sonunda Tbilisinin Xorava küçəsində 51 saylı məktəbin iki şagirdinin qətli ilə bağlı məhkəmə qərarından sonra şəhərin mərkəzində davamlı etiraz aksiyaları keçirilib. Baş nazir və hökumətin istefası tələbi ilə keçirilən etirazların fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Yeniyetmələrin qətli ilə bağlı parlamentdə müvəqqəti istintaq komissiyası fəaliyyət göstərir.

Baxış sayı: 44