Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkədə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

 

APA-nın yerli bürosunun Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə D. Zalkaliani səfirləri “Otxozoriya-Tatunaşvili siyahısı” ilə tanış edib. Nazir sanksiya siyahısının hansı meyarlar üzrə tərtib olunduğu və beynəlxalq ictimaiyyət tərəfindən hansı addımların atılmalı olduğu barədə ətraflı danışıb. D. Zalkaliani qeyd edib ki, Gürcüstan bütün tərəfdaş ölkələrlə işğal altında olan ərazilərində cinayətlər törətmiş şəxslərə qarşı müvafiq sanksiyaların tətbiqi üçün fəal əməkdaşlıq edəcək.

 

Görüşə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da qatılıb.

 

Qeyd edək ki, “Otxozoriya-Tatunaşvili siyahısı”na 33 şəxsin adı daxil edilib. Abxaziya və Cənubi Osetiyanın sakinləri olan həmin şəxslər işğal altındakı ərazilərdə Gürcüstan vətəndaşlarına qarşı qətl, oğurlama, işgəncə və qeyri-insani rəftar, sağlamlığa ciddi ziyan vurmaq və bu cür cinayətləri gizlətməkdə ittiham olunurlar. Siyahı simvolik olaraq Gürcüstanın işğal altında olan ərazilərində qətlə yetirilmiş Gürcüstan vətəndaşları Arçil Tatunaşvili və Gigi Otxozoriyanın soyadları ilə adlandırılıb.

Baxış sayı: 50