Suriyanın Gürcüstandan birtərəfli qaydada müstəqilliklərini elan etmiş Abxaziya və Sxinval (Cənubi Osetiya) regionlarının suverenliyini rəsmi olaraq tanıması səbəbindən Gürcüstan hökuməti ölkənin hava məkanının Suriyanın “Syrian Air” və “Cham Wings” aviaşirkətlərinin təyyarələri üçün bağlandığını elan edib

Bu barədə məlumatı “Reuters” yayıb.
 
Bundan öncə, mayın 29-da Dəməşqin sözügedən hərəkətinə cavab olaraq rəsmi Tbilisi Suriya ilə 1994-cü ilin may ayının 18-də qurulmuş diplomatik əlaqələrin kəsilməsi barədə bildirmişdi.
 
“Təsdiq edirəm ki, Gürcüstan iki Suriya aviaşirkəti üçün hava məkanını bağlayıb”, – bunu “Sakaeronaviqasiya” MMC-nin baş direktoru Qoça Mezvrişvili deyib.
 
“Reuters” əlavə edir ki, artıq iyun ayından başlayaraq, Suriya aviaşirkətləri Rusiya istiqamətində reysləri Gürcüstan hava məkanından istifadə etməklə yerinə yetirmirlər. Təyyarələr Azərbaycanın üzərindən uçurlar ki. bu da uçuş müddətini təxminən yarım saat uzadır.
1990-cı illərin əvvəllərindən rəsmi Tbilisi Abxaziya və Cənubi Osetiyaya nəzarəti itirib. 2008-ci ilin avqust müharibəsindən sonra isə bu ərazilərin müstəqilliyi Rusiya tərəfindən tanınıb və Gürcüstan rəsmi Moskva ilə diplomatik əlaqələri kəsib. Bu iki separatçı rejim sonradan Venesuela, Nikaraqua, Nauru, Tuvalu və Vanuatu tərəfindən tanınıb. Lakin bir müddət sonra sonuncu iki dövlət (Tuvalu və Vanuatu) Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.
Baxış sayı: 36