Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, dövlətlərimiz beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.

T.Şaraşenidze ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş, səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.

Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baxış sayı: 36