Tbilisidə “Yeni Nəsil Sülh Naminə” beynəlxalq platformasının təqdimat mərasimi keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, platformanın yaradılmasında məqsəd bölgədə və dünyada sülhün bərqərar olması üçün gənclərin bir araya gətirilməsidir.
 
Platformaya gürcü, azərbaycanlı, erməni, eləcə də Almaniya, Danimarka və digər Avropa ölkələrinin gəncləri qoşulub.
 
Tədbirdə çıxış edən Gürcüstan gənclərinin nümayəndəsi Giorgi Tumasyan sülh platformasının yaradılmasını tarixi hadisə adlandırıb: "Cənubi Qafqazda sülhün yaradılması və saxlanılması üçün gənclər milli və etnik mənsubiyyətindən asılı olmayaraq birləşməlidirlər. Gürcüstanda Ermənistanla sərhədə yaxın yerləşən Tsopi kəndində əsrlərdir etnik erməni və azərbaycanlılar sülh şəraitində yaşayırlar. Bu, bölgədə sülhün mümkün olduğunu göstərir".
 
Daha sonra gürcü, azərbaycanlı və erməni gənclərinin nümayəndələri çıxış edərək yeni nəslin sülh şəraitində yaşamaq istədiyini və bu istiqamətdəki bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd ediblər.
 
Sonda "Yeni Nəsil Sülh Naminə" platformasının manifesti imzalanıb. Gənclər sənədə imza ataraq Qafqazda və dünyada sülh uğrunda milli, regional və beynəlxalq əməkdaşlığa hazır olduqlarını ifadə ediblər. Manifestdə qeyd olunub ki, gənclər münaqişə tərəfləri arasında etimadın bərpa olunması prosesinə təsir edə bilər və etməlidirlər.
 
Tədbirdə gürcü politoloqlar, Avropanın gənclər təşkilatları, diplomatik korpusun nümayəndələri də iştirak edib.

Baxış sayı: 39