Gürcüstanın bir sıra müxalifət partiyaları Tbilisidə parlamentin binası qarşısında mitinq keçirir.

 
  APA-nın Gürcüstan bürosunun məlumatına görə, saat 16:00-a təyin olunmuş aksiya bir saat gecikmə ilə başlayıb.
 
Gecikmə aksiya təşkilatçılarının bölgələrdən gələn vətəndaşları gözləməsi ilə bağlı olub.
 
Mitinqdə Vahid Milli Hərəkat, Milli Demokrat, “Dövlət xalq naminə”, Yeni Gürcüstan və Leyboristlər partiyalarının liderləri iştirak edir. Müxalifət partiyaları ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə dəstək ifadə ediblər. Z. Saralidzenin də aksiyaya qatılıb.
 
Parlamentin binası qarşısındakı Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Aksiya keçirilən əraziyə polis və təcili tibbi yardım maşını cəlb olunub.
 
Yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.
 
Aksiya iştirakçıları yağışdan qorunmaq üçün çadırlara toplaşıblar.
 
Zaza Saralidze jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər Rustaveli prospektindəki çadırdan çıxmayacaq.
Qeyd edək ki, Z. Saralidze hökumətə iyun ayının 10-na qədər yeniyetmələrin qətli üzrə təhqiqatla bağlı konkret addımların atılmasını tələb edərək, əks halda hökumətin istefası tələbi ilə aksiyaların bərpa olunacağını bildirib. Ötən gün yeniyetmələrin qətlində təqsirləndirilən Gürcüstan Baş Prokurorluğunun keçmiş əməkdaşı Mirza Subeliani saxlanılıb. Ona qarşı cinayət barədə məlumat verməmək ittihamı irəli sürülüb.
Baxış sayı: 82