Xəbər.ge : Gürcüstan Prezidentinin müşaviri: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı yüksək səviyyəd

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq çox yüksək səviyyəyə çatıb. Bu əməkdaşlıq təkcə bizim deyil, regionun digər dövlətləri üçün də mühüm faydalar gətirir. Biz bu əməkdaşlığı genişləndirmək və inkişaf etdirməklə bir zamanlar xəyal olan layihələri reallığa çevirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Prezidentinin xarici əlaqələr üzrə müşaviri Tengiz Pxaladze söyləyib.

O deyib ki, Azərbaycan ilə Gürcüstan 1990-cı illərin əvvəllərində yenidən müstəqilliyinə qovuşduqdan sonra əlaqələrimiz yeni formatda və yeni müstəvidə inkişaf etməyə başladı. Sonradan bizim formatımız daha da genişləndi və Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığına başladıq. Üçtərəfli əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin icrasına başladıq və uğurla başa çatdırdıq. TANAP və TAP kimi yeni enerji layihələrimiz var. Bu əməkdaşlıq təkcə üç ölkənin deyil, bütövlükdə Avropanın və Asiyanın inkişafına xidmət edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 45