Artıq bir neçə gündür ki, Gürcüstanda etiraz aksiyaları səngimək bilmir. Son vaxtlara qədər stabilliyi ilə diqqət çəkən qonşu ölkədə birdən-birə etirazların alovlanması siyasilər tərəfindən birmənalı qarşılanmır. Bəs bu etirazların arxasında Rusiya faktoru dayana bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bir sıra amillər kimi Rusiya faktorunun da istisna edilmədiyini qeyd etdi:

“Rusiya faktoru istisna olunmur. Bu məsələdə Rusiya faktoru ola bilər. Çünki Brüsseldə keçiriləcək görüşlərdə Gürcüstan NATO üzvlüyünə qəbul oluna bilər. Bu isə Rusiyanın marağına cavab vermir. Məhz buna görə də Rusiya faktorunun mövcudluğu ehtimalı böyükdür. Bidzina İvanişvilinin hakimiyyətə yenidən qayıtması, baş nair olması ehtimalı haqqında müəyyən fikirlər var. İvanişvilinin rusyönümlü olduğu isə bəllidir.

Artıq mitinqlər gedir və bu mitinqlərə regionları da qoşmağa çalışırlar. Proseslər baş nazirin istefası məsələsini gündəmə gətirib.

Məlum məsələdir ki, bu, müəyyən ssenari üzərində qurulmuş prosesdir. Ermənistanda baş verən proseslər də göstərdi ki, kütləni müəyyən mərhələyə qədər idarə edəndən sonra, hadisələri planlaşdırılan sonluğa gətirib çıxardırlar. Odur ki, Gürcüstan olaylarında Rusiya amili istisna oluna bilməz”.

Baxış sayı: 75