Tbilisidə ictimai etirazlar yeni – siyasi dönüş alır, 3 iyun isə dönüş günü ola bilər. Ötən axşam Gürcüstan müxalifəti parlament qarşısında mitinqi zamanı yeni, genişmiqyaslı etiraz aksiyasına başladığını bildirib.

 

Foto: Levan Mikadze

İndiyə qədər mitinq iştirakçıları prosesin siyasiləşdirilməsinə imkan verməmək üçün siyasətçilərdən uzaq olmağa çalışıblar, amma iyunun 2-də axşam hər şey dəyişib – onlar bütün siyasi partiyalara müraciət edərək, onları “Gürcü arzusu”na qarşı mübarizədə birləşməyə çağırıblar.

Mitinqlər Tbilisidə mayın 31-də, məhkəmə iki 16 yaşlı yeniyetmə, Levan Dadunaşvili və David Saralidzenin amansız qətli ilə bağlı iş üzrə ittiham elan edəndən sonra başlayıb. İki məktəbli ötən il, dekabrın 1-də öz həmyaşıdları ilə dava zamanı çoxsaylı bıçaq zərbələrindən həlak olublar. Qətl hadisəsi Tbilisinin qələbəlik küçələrindən birində gündüz, bir neçə şahidin gözü qarşısında baş verib.

Məhkəmə qərar verib ki, iki saxlanılan şəxsdən heç biri David Saralidzeni öldürməyib. Bu qərar da öldürülənin atası Zaza Saralidzenin şübhələrini təsdiqləyib, o, bir neçə ay ərzində oğlunun əsas qatillərinin azadlıqda olduğunu və prokurorluğun onları gizlətdiyini bildirirdi.

Üç gün davam edən mitinqlər nəticəsində aksiya iştirakçıları Gürcüstanın baş prokurorunun istefa verməsinə nail olublar, aksiya iştirakçıları ilə danışıqlara gələn ölkənin baş nazirini fitə basıblar.

Üç gün ərzində aksiyalarda əsasən yeniyetmələrin qətlinin ədalətli araşdırılmasını tələb edən gənclər iştirak edib.

Mitinq iştirakçıları qarşısında ictimaiyyət nümayəndələri, həm də istintaqın çıxardığı nəticələrlə razı olmayan, müxtəlif şəraitdə öldürülən insanların qohumları çıxış ediblər.

Mitinqlər gündüz başlayıb və gecə yarıya qədər davam edib. Düz parlament binası qarşısında quraşdırılmış çadırda ancaq Zaza Saralidze öz kiçik tərəfdarları qrupu ilə gecələməyə qaldı.

Mitinq iştirakçıları və onun təşkilatçıları bütün bu vaxt ərzində hakim partiyanın onların ünvanına səsləndirdiyi əsas ittihamı təkzib etməyə çalışırdı. İttiham da ondan ibarətiydi ki, guya mitinqi keçmiş prezident Saakaşvilinin başçılıq etdiyi, Saralidzenin faciəsindən istifadə edib, hakimiyyətə gəlmək istəyən müxalif “Milli hərəkat” tərəfindən idarə olunur. Mitinqdə müxalifətçilərə söz verilmir, bunun siyasi deyil, ictimai etiraz olduğunu təkrar edirdilər.      

Amma iyunun 2-də, gecə hər şey dəyişdi. Mitinq təşkilatçıları Zaza Saralidze və onun bütün bu vaxt ərzində yanında olan və aksiyanı idarə edən dostu Zviad Kuprava müxalifəti küçələrə çıxmağa çağırdılar.

“Bütün siyasi partiyaları, bütün elita nümayəndələrini, bütün vətəndaşları, bütün tamhüquqlu vətəndaşları, bütün kəndliləri, bütün mənim kimi balaca adamları məni dəstəkləməyə çağırıram. Amma tək məni deyil, övladları qətlə yetirilən hər kəsi – hər ananı və hər atanı. Gücümüzü birləşdirək, çünki bu gün hökumət bir daha mərhumların qəlbinə tüpürməyə çalışdı. Bu sistemi dağıtmağa çalışmalıyıq”, – deyə Saralidze bildirib.

Zviad Kuprava müxalif partiyaları məsləhətlərin keçirilməsi üçün Milli Demokrat Partiyasının ofisində toplaşmağa çağırıb. Saralidze və Kuprava ilə birlikdə aksiyalarda ilk gündən antiterror xüsusi əməliyyatı zamanı qətlə yetirilən Tamerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili iştirak edib. Gürcüstanda bu xüsusi əməliyyatla bağlı bir çox sual var.     

Bu çağırışdan sonra Milli Demokrat Partiyasının ofisinə keçmiş hakim “Vahid Milli Hərəkat” Partiyasının lideri Nika Meliya, “Yeni Gürcüstan” Partiyasının lideri Georgi Vaşadze, “Xalq üçün dövlət” hərəkatının lideri Nikoloz Maçutadze, Milli Demokrat Partiyasının lideri Baçuki Kardava və Zviad Kupravanın özü gəlib.  

Ofisdə qısa məsləhətlərdən sonra siyasətçilərin hamısı etiraz aksiyasına gedərək, şənbə günü, iyunun 3-də, 18:00-da siyasi qüvvələrin iştirakı ilə böyük mitinqin olacağını elan ediblər. Müxalifətin konkret planları haqqında mitinqdə deyiləcək.  

Amma heç də bütün müxalif partiyalardan reaksiya gəlmədi. Saakaşvilinin “Milli hərəkat” partiyasının keçmiş üzvlərindən ibarət, parlamentdə ən böyük müxalif fraksiyası olan “Avropa Gürcüstanı” proseslərə daha ehtiyatlı yanaşdı. Bu partiyanın liderləri Milli Demokrat Partiyasının ofisində məsləhətlərdə iştirak etməyib, amma gecə yarı qətlə yetirilən yeniyetmənin atası Zaza Saralidze ilə danışmaq üçün parlament qarşısına gəliblər.  

Bu partiyada hesab edirlər ki, mitinqlər davam etməlidir ki, “hakimiyyət etirazları bitmiş hesab etməsin”. Amma “Avropa Gürcüstanı”nın yanaşması hakimiyyətlə hər hansı danışıqların mümkünlüyünü istisna edən, hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edən radikal mövqeli müxalif partiyaların yanaşmasından fərqlənir.

Partiyada hesab edirlər ki, mitinqlərlə yanaşı müxalifət baş prokurorun seçilməsi və təyin edilməsi prosesinə qoşulmalıdır. Bundan başqa, partiyada hesab edirlər ki, öldürülən yeniyetmələrin işi ilə məşğul olacaq və istintaqın buraxdığı pozuntuları üzə çıxaracaq müstəqil parlament komissiyası yaradılmalıdır.

Sosial şəbəkələrdə nə yazırlar – əsas diskurs

Siyasətçilər mitinqlərə qoşulandan sonra bu vaxta qədər etirazı dəstəkləyən adamların fikri bölündü.

Bəziləri əmindir ki, mitinqlərin idarə olunması “Milli hərəkat” və onun lideri Mixail Saakaşvilinin əlinə keçəcək.

Digərləri mitinqlərdə iştirakdan imtina edir, çünki onlara o qədər də populyar olmayan və hətta özlərini diskreditasiya etmiş siyasi partiyaların nümayəndələri qoşulub.

Üçüncülər isə hesab edir ki, etirazı istənilən halda dəstəkləmək lazımdır, çünki “Gürcü arzusu”nun onun qeyri-formal lideri, milyardçı Bidzina İvanişvili hakimiyyətini ancaq birləşmiş qüvvə ilə dəyişmək mümkündür və indi “konkret siyasətçiləri qiymətləndirmək” vaxtı deyil.

Yeni siyasi lider?

Dünən gecə parlament qarşısında həm də xeyli unudulan siyasi partiya nümayəndələrinin də toplaşdığı vəziyyət bir çoxlarına 1990-cı illəri xatırlatdı. Dejavünü mitinqdə “Zviadi! Zviadi!” adının səsləndirilməsi bir az da artırdı. Bu, həm də 1990-cı illərin əvvəllərində Gürcüstanın devrilmiş birinci prezidenti Zviad Qamsaxurdiyanın adıdır. Bu ad uzun illər, 1980-ci illərin axırları — 1990-cı illərin əvvəllərində Gürcüstanın Sovet İttifaqından azadlığı uğrunda mitinqlərdə səsləndirilib.

Amma indiki mitinq iştirakçıları təbii ki, Zviad Kupravanı, bu aksiyalara qədər ancaq yaxınları və dostlarının tanıdığı adamı nəzərdə tuturdu.

Keçmiş polis əməkdaşı olan Kuprava Zaza Saralidzenin qohumudur. Bütün bu vaxt ərzində o, aksiyanı idarə edən əsas adamdır. Çıxışları o qədər emosionaldır ki, mitinqlərin ikinci günü səsi batmışdı.

“Yeni siyasi lider” – dünən jurnalistlər Kupravanı bu cür adlandırıb.

Zaza Saralidze (solda), Zviad Kuprava (ortada), Malxaz Maçalikaşvili (sağda). Foto: İctimai TV

Ona qarşı münasibət birmənalı deyil. Hakimiyyət Kupravanın Mixail Saakaşvili və “Milli hərəkat”ın tərəfdarı olduğunu bildirərək, onu qaralamağa çalışır. İnternetdə onun keçmiş prezident Saakaşvili ilə çəkdirdiyi fotolar yerləşdirilib. Amma Kuprava “Milli hərəkat”la hər hansı əlaqələrinin olduğunu inkar edir.

Saakşvilinin özü Ukraynadan qovulandan sonra Niderlandda yaşayır və artıq bir neçə dəfə populyar “Rustavi-2” telekanalının efirində etiraz aksiyasına dəstəklə çıxış edib.

Üç gün ərzində o, özünün “Facebook” səhifəsində bur neçə dəfə Tbilisidə mitinqlərin fotosu ilə bannerləri dəyişib.  Əvvəlcə bannerdə “Qafqaz baharı”, daha sonra isə “Gürcüstanın yeni başlanğıca ehtiyacı var” yazısı varıydı.

Baxış sayı: 56