Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə kütləvi aksiyanın keçirildiyi parlamentin qarşısına gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, o, aksiya iştirakçılarına müraciət edib.
 
 
"İlk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq”, - deyə baş nazir bildirib.
 
Aksiya iştirakçıları baş nazirə müraciətini bitirməyə imkan verməyərək, onun ünvanına "Get!” şüarı səsləndiriblər.
 
G. Kvirikaşvilinin mühafizəsi onu aksiya keçirilən ərazidən uzaqlaşdırıb.
 
 
Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.
 
Aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.
 
"Məni qətlə yetirmə” şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.
 
 
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi ötən gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.
Baxış sayı: 52