Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab işıq üzü görüb. GAXA-nın Darvaz.com saytına istinadən məlumatına görə, bu günlərdə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik tərtibatla çap olunmuş kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur. Məlumata görə kitabda 2016-cı il yanvarın 9-da dünyasını dəyişəndən sonra Z.Yaqub haqda Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, elm və sənət adamlarının yazdıqları yazılar, ona ithaf olunmuş şeirlər toplanıb.

M.Nəbioğlu yazdığı “Sənsiz yaşamağa öyrəşmək çətin…” adlı ön sözdə qeyd edib ki, kitabda yer almış məqalə və şeirlərin hamısı Zəlimxan Yaqubun dünyasını dəyişməsindən sonra yazılıb və bu yazıalar müxtəlif mətbuat orqanlarında nəşr olunduqdan sonra toplanıb. M. Nəbioğlu yazır ki, “Kitabın tərtibçisi olaraq məxsusi şəkildə kimdənsə şairlə bağlı xatirələrini yazmağı xahiş etməmişəm. Yazıların, şeirlərin hamısı şairin ölümündən kədərlənənlərin ürək çırpıntılarıdır və biz onları müxtəlif mətbuat orqanlarından toplamışıq”.

Millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva və Elşən Musayevin, Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca və Sabir Rüstəmxanlının, professorlardan Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə və Qulu Məhərrəmlinin, eləcə də Musa Yaqub, Vaqif Bəhmənli, Əbülfət Mədətoğlu, Akif Aşırlı və digərlərinin kitabda yer almış bədii-publisistik yazılarında və şeirlərdə Z.Yaqubun böyük şair olduğu vurğulanmaqla yanaşı, onun xeyirxahlığı, əliaçıqlığı, ona ümid yeri kimi baxanlara hər zaman yardım etməsi, gənc yazarlara qayğısı, kənd və şəhər mədəniyyətlərini ortaq məxrəcə gətirib, ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə ölçülmədiyini, insanlıqda, tərbiyədə və əxlaqda olduğunu sübut etməsi və s. öz əksini tapıb.

Xatırladaq ki, şairin sağlığında ona həsr olunmuş elmi-publisistik məqalələrdən ibarət üçcildlik “Zəlimxan Yaqub ədəbi düşüncədə” və ona ithaf olunmuş şeirlərdən ibarət “Zaman bu kəsiri bitirməliydi” adlı kitablar nəşr olunub. Həmin kitabların da nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.

Baxış sayı: 88