Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi yanvar-mart ayları ilə müqayisədə 93 milyon dollar artaraq 363 milyon 303 min dollar olub.

2018-ci ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi isə 182 milyon 195,9 min dollar, yanvar-mart aylarında isə 270 milyon 209 min dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasındakı Türkiyə və Rusiyadan sonra 3-cü yerini qoruyub saxlayıb.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 120 milyon 361,4 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 242 milyon 942,3 min dollar dəyərində məhsul ixrac olunub.

Yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 783,2 milyon dollar təşkil edib, bu da ötən ilin eyni göstəricisindən 22,1 faiz çoxdur.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,6 faiz olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 68